Aksiz vergisi: Azadolmalar

Aşağıdakılar aksizdən azad edilir:

  • fiziki şəxsin fərdi istehlakı üçün 1.5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;

    Qeyd: Belə hallarda, aksizdən azadolmalar yalnız o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal, rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur.

  • Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar;
  • AR Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, AR Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl.
  • AR Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı;
    AR Gömrük Məcəlləsinə əsasən:

    Maddə 192. Müvəqqəti idxal xüsusi gömrük proseduru və onun əhatə dairəsi

    192.1. Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur.

    192.2. Mallar bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və aksizlərdən də azad edilirlər.

    192.3. Müvəqqəti idxal xüsusi gömrük prosedurundan yalnız aşağıdakı şərtlər daxilində istifadə olunur:

    192.3.1. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan normal istifadə nəticəsində baş verən dəyişikliklər istisna olmaqla, onların hər hansı başqa dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda;

    192.3.2. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildiyi zaman, onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda;

    192.3.3. gömrük qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, prosedur sahibi gömrük ərazisindən kənarda təsis edildikdə.

    192.4. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda beynəlxalq müqavilələrin müddəaları, malların xassələri və xüsusiyyətləri, onlardan istifadə şərtləri nəzərə alınmalıdır.

    Maddə 194. Müvəqqəti idxal zamanı gömrük rüsumlarından və vergilərdən azadetmə

    194.1. Gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

    194.2. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır.

    194.3. Müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.



Yazı sonuncu dəfə 2022-02-06 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!