Bələdiyyə mulkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi

Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisinin ödəyiciləridirlər.

Bələdiyyə müəssisələri "Bələdiyyələrin statusu haqqında" AR Qanununa əsasən bələdiyyələr tərəfindən təsərrüfat fəaliyyəti və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxs statusunda yaradılır.

Bələdiyyə müəssisələri üçün vergitutma obyekti onun mənfəətidir. Bələdiyyə müəssisəsinin mənfəəti təqvim ili ərzində Vergi Məcəlləsi ilə müəyyən edilən bütün gəlirlərlə (vergidən azad edilən gəlirdən başqa) gəlirdən çıxılan xərc arasındakı fərq kimi müəyyən edilir.

Bələdiyyə müəssisələrinin mənfəətindən Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə vergi tutulur.

Hesabat ili üçün hesablanmış mənfəət vergisinin məbləği hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq müvafiq ərazinin bələdiyyə büdcəsinə ödənilir.

Vergi Məcəlləsinə əsasən bələdiyyə müəssisələri rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri bələdiyyə büdcəsinə ödəməlidirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.

Bələdiyyə müəssisələri cari vergi ödəmələrinin məbləğini cari rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.

Bələdiyyə müəssisəsi il ərzində cari vergi ödəmələrinin məbləğinin müəyyənləşdirilməsi üçün yuxarıda göstərilən 2 mümkün metoddan birini seçir və hər il aprel ayının 15-dək bu barədə bələdiyyənin vergi xidməti orqanına məlumat verir.

İkinci metod seçildiyi halda, bələdiyyə müəssisəsi hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən hesablanmış cari vergi məbləği barədə bələdiyyənin vergi xidməti orqanına arayış təqdim edir. Arayış təqdim edilmədiyi halda, bələdiyyənin vergi xidməti orqanı birinci metodu tətbiq edir.

Cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq edilən metod barədə məlumat vermədiyi halda bələdiyyənin vergi xidməti orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

Cari vergi ödəmələri vergi ili üçün bələdiyyə müəssisəsindən tutulan mənfəət vergisinin məbləğinə aid edilir.

Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən bələdiyyə müəssisəsinin mənfəət vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə hesablanır. Bu zaman cari vergi ödəmələrinin məbləği mənfəətdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.

Əvvəllər fəaliyyəti olmayan bələdiyyə müəssisəsələri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən hesablanmış cari vergi məbləği barədə bələdiyyənin vergi xidməti orqanına arayış təqdim etməlidir.

Cari vergi ödəmələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, bələdiyyə müəssisəsindən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərti ilə 0,1% miqdarında faiz tutulur.

Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Bələdiyyə müəssisələri tərəfindən hər hesabat ili üçün hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq son hesablama aparılır və həmin müddətədək AR Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş formaya uyğun olaraq tərtib edilmiş mənfəət vergisinin bəyannaməsi müvafiq bələdiyyəyə təqdim edilməklə hesablanmış mənfəət vergisi bələdiyyə büdcəsinə ödənilir (bəyannamənin doldurulma qaydası Vergilər Nazirliyinin www.taxes.gov.az internet səhifəsində yerləşdirilmişdir).

Misal

"A" bələdiyyəsi tərəfindən istirahət parkında əyləncə xidmətləri göstərən “B” müəssisəsi yaradılmışdır. Hesabat ili ərzində göstərilən xidmətlərdən əldə edilən gəlir 40000 manat, həmin xidmətlərin göstərilməsinə çəkilən xərclər isə 35000 manat olmuşdur. Bu halda müəssisənin vergi tutulan mənfəəti 5000 manat (40000manat - 35000 manat), mənfəətdən hesablanmış vergi isə 1000 manat (5000 manat x 20%) olacaqdır.


Misal

Əvvəlki hesabat ilində bələdiyyə müəssisəsi tərəfindən 10000 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə cari vergi ödəmələrinin müəyyənləşdirilməsi üçün birinci metodu (əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsi) seçmişdir. Bu halda cari ilin rübləri üzrə ödənilməli olan cari vergi ödəməsinin məbləği 2500 manat (10000 manat x 1/4) təşkil edəcəkdir.


Misal

Cari ilin 1-ci rübündə bələdiyyə müəssisəsinin gəliri 6000 manat olmuşdur. Cari vergi ödəmələrinin müəyyənləşdiriməsi üçün müəssisə ikinci metodu (əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin həmin ilin gəlirlərindəki xüsusi çəkisi əsasında) seçmişdir. Əvvəlki hesabat ilinin gəliri 25000 manat, hesablanmış mənfəət vergisi 5000 manat təşkil etmişdir. Bu halda cari ilin 1-ci rübü üzrə cari vergi ödəməsinin müəyyən edilməsi üçün əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin həmin ilin gəlirlərindəki xüsusi çəkisi 0,2 (5000 manat/25000 manat) həmin rübün gəlirinə vurulur və 1200 manat (6000 manat x 0,2) cari vergi hesablanır.


Misal

Bələdiyyə müəssisəsi 2013-cü ilin iyul ayında fəaliyyətə başlamışdır. Həmin ilin 3-cü rübündə müəssisənin gəliri 6000 manat, xərcləri isə 4000 manat olmuşdur. Bu halda 3-cü rüb üzrə cari vergi ödənişinin məbləği 300 manatdan (6000 manat - 4000 manat) x 20% x 75%) az olmamalıdır. 4-cü rüb başa çatdıqdan sonra artan yekunla müəssisənin gəlirləri 12000 manat, xərcləri isə 8000 manat təşkil etmişdir. 4-cü rübün nəticəsinə görə artan yekunla cari vergi ödəməsinin məbləği 600 ((12000 manat - 8000 manat) x 20% x 75%) manat miqdarında müəyyən edilir və 3-cü rübdə ödənilməli olan cari ödəmənin məbləği 3-cü rübdə ödənilmiş cari ödəmə nəzərə alınmaqla 300 manatdan (600 manat – 300 manat) az olmamalıdır. Hesabat ilinin yekunu üzrə mənfəət vergisinin bəyannaməsi təqdim olunarkən müəyyən edilmişdir ki, cari vergi ödəmələrinin məbləği mənfəətdən verginin məbləğinin 75 faizindən az olmuşdur. Bu halda yanvar ayının 16-dan başlayaraq son haqq hesabın ödənildiyi tarixədək olan hər bir gün üçün azaldılmış cari ödəmə məbləğinin 0,1%-i həcmində faiz məbləği hesablanır.




Yazı sonuncu dəfə 2018-02-24 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!