Gəlir vergisinin dərəcəsi

Muzdlu işdən aylıq gəlirlər

Neft-qaz sahəsi və dövlət sektoruna aid edilən vergi ödəyicilərində fiziki şəxslərin muzdlu işdən aylıq gəliri

Neft-qaz sahəsində və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulur:

Cədvəl 1

Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği
2500 manatadək 14 faiz
2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi
Misal.

Dövlət müəssisəsində çalışan işçinin aylıq hesablanmış əməkhaqqısı (GROSS) 741.83 manatdır. İşçinin əmək haqqısından 01.01.2019 tarixindən tutulmalar aşağıdakı qaydada aparılacaqdır:

  1. gəlir vergisi - (741.83 - 200) * 14% = 75.86 manat
  2. məcburi dövlət sosial sığorta haqqı - 741.83 * 3% = 22.25 manat
  3. işsizlikdən sığorta haqqı: 741.83 * 0.5% = 3.71 manat

İşçiyə ödəniləcək məbləğ olacaqdır: 741.83 - 75.86 - 22.25 - 3.71 = 640 manat

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Cədvəl 2

Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi
8 000 manatadək 0 faiz
8 000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi
Misal.

"Qayalı" MMC-də çalışan işçinin aylıq hesablanmış əməkhaqqısı (GROSS) 741.83 manatdır. İşçinin əmək haqqısından 01.01.2019 tarixindən tutulmalar aşağıdakı qaydada aparılacaqdır:

  1. gəlir vergisi - 741.83 * 0% = 0 manat
  2. məcburi dövlət sosial sığorta haqqı - 6 + (741.83 - 200) * 10% = 60.18 manat
  3. işsizlikdən sığorta haqqı: 741.83 * 0.5% = 3.71 manat

İşçiyə ödəniləcək məbləğ olacaqdır: 741.83 - 0 - 60.18 - 3.71 = 677.94 manat

İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Misal
Qeyd*:

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları AR Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları

Aşağıdakı fiziki şəxslərin ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi yuxarıdakı cədvəllərə uyğun olaraq hesablanır və dövlət büdcəsinə ödənilir:

  • muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər;(cədvəl 1 və cədvəl 2-də olan dərəcələrə uyğun olaraq)
  • muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar;(cədvəl 1 və cədvəl 2-də olan dərəcələrə uyğun olaraq)
  • dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və ya sahibkarlar;(cədvəl 1-də olan dərəcələrə uyğun olaraq)
  • vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar;(cədvəl 1-də olan dərəcələrə uyğun olaraq)

Qeyri-sahibkarlıq fəaliyyəti

Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.

Qeyri-sahibkarlıq fəaliyyətinə aiddir:

  1. faiz gəliri (10%);
  2. dividend (10%);
  3. əmlakın icarəyə verilməsindən gəlir (14%);
  4. royalti (14%);
  5. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı hallar istisna olmaqla, vergi ödəyicisinə bağışlanmış borcun məbləği (14%);
  6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir (14%);
  7. işə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi hallar istisna olmaqla, təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (14%);
  8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir(təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) — əmək haqqından başqa (14%);
  9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq (14%);
  10. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq (14%);

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Xüsusi notarius fəaliyyəti

Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan 10 faiz dərəcə ilə vergi tutulur.

İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən

İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan)iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən(Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Misal

Misal

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin malların təqdim edilməsindən əldə edilən gəlirlər

AR Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" AR Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

Beləliklə, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin aşağıda göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur:

  • əlvan və qara metal qırıntıları;
  • utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatlar;
  • utilizasiya məqsədləri üçün işlənmiş şinlər.

Bu vergi ödəmə mənbəyində malları gəbul edən şəxslər tərəfindən tutulur.

"Nağdsız hesablaşmalar haqqında" AR Qanununun 3.5-ci maddəsi

3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu;

3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

3.5.5. xam dərinin tədarükü (alışı).

Qeyd etmək lazımdır ki, AR Vergi Məcəlləsinin 102.1.11 maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarının bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azaddır.

Yazı sonuncu dəfə 2020-05-16 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!