Müəssisənin və fərdi sahibkarın əmlak vergisinin hesablanması və ödənilməsi

Müəssisənin və fərdi sahibkarın əmlak vergisinin hesablanması və ödənilməsi qaydası

  • Əmlak vergisi müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyərinə əsasən hesablanır.

    Qeyd: AR Vergi Məcəlləsinin 13.2.22 maddəsinə əsasən: "Əmlakın qalıq dəyəri — əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəridir."

    Misal
  • Müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bazar qiyməti nəzərə alınmaqla hesablanır. Belə ki, AR Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla aparılır.

    Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla hesablandığı halda, həmin əmlaka əmlakın orta illik qalıq dəyərindən əmlak vergisinin hesablanması qaydası (AR Vergi Məcəlləsi, Maddə:202) tətbiq edilmir.

    Misal
  • Müəssisənin və fərdi sahibkarın əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.
  • Müəssisələr və fərdi sahibkarlar cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisi məbləğinin 20 faizi həcmində vergi ödəyir.
    Misal

    Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər və fərdi sahibkarlar əsas vəsaitlərin əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələri həyata keçirirlər.

    Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

  • Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.

    Cari vergi ödəmələri müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə faiz tutulur.

    Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

  • Müəssisə və fərdi sahibkar əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.

    Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.

    Fərdi sahibkar fəaliyyətinin ləğvi hallarında vergi uçotundan çıxarılma barədə ərizənin verildiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.

  • Əmlak vergisinin bəyannaməsi üzrə vergilər bu bəyannamənin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği mənfəət vergisinin məqsədləri üçün məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.
  • Müəssisələrin və fərdi sahibkarların əmlak vergisi dövlət büdcəsinə ödənilir.

Müəssisənin və fərdi sahibkarın əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası

Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri götürülür. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:

  • Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri (əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri) toplanıb ikiyə bölünür. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.
  • Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda) və ya əmlak vergisi ödəyicisi olduqda, onun əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonunaqalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin və ya fərdi sahibkarın yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.
    Misal
  • Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda, onun əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur.
    Misal
  • kredit təşkilatları hesabat ili ərzində müflis elan olunduqda, onun əmlakının ilin əvvəlinə və müflis elan olunduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən kredit təşkilatının müflis elan olunduğu aya qədər olan ayların sayına vurulur.
  • Fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri müəyyən edilərkən onların xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri nəzərə alınmır.


Yazı sonuncu dəfə 2023-10-21 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!