Yerli vergi və odənişlər. Qanunvericiliyin pozulmasına gorə məsuliyyətYerli vergi və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında yerli büdcəyə ödənilməsinə nəzarət tədbirləri AzR 2003-cü il 17 iyun tarixli, 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə" ilə tənzimlənir. Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriya-kurort müəssisələrindən alınan yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə bu bənddə göstərilən səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət vergi orqanına müraciət etməlidir. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti AR Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"yə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriya-kurort müəssisələrindən alınan yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir. AR Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), AR Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan AR Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Yuxarıda qeyd edilmiş müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır, yaxud belə qərarın çıxarılmasından imtina edir. Ödəyiciyə çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, hesablanmış faizlərin və ya tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Yerli vergilərin qanunvericiliklə müəyyən olunmuş müddətlərdə ödənilməməsinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün lakin, bir ildən çox olmamaqla ödəyiciyə ödənilməmiş vergi məbləğinin 0,1 %-i həcmində faiz hesablanılır. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, hesablanmış faizlərin məcburi qaydada alınması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında (könüllü ödəniş halları istisna olmaqla) məhkəmələrə müraciət edirlər. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Normativ-hüquqi aktlar:
Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında AR Qanunu Yazı sonuncu dəfə 2018-02-25 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!