ƏDV anlayışı

Əlavə dəyər vergisinin tutulması sxemi 1954-cü ildə fransız iqtisadçı M.Lore tərəfindən təklif edilmişdir. O, ƏDV-nin fəaliyyət sxemini təsvir etmiş və onun dövriyyədən tutulan vergidən üstünlüyünü əsaslandırmışdır. On ildən artıq müddətdə ƏDV Fransadan asılı olan Kod-d’İvuar dövlətində təcrübədən keçirilmişdir. 1982-ci ildən Avropa İttifaqına daxil olmaq istəyən ölkələr üçün vergi sistemlərinə ƏDV-nin daxil edilməsi zəruri şərt kimi müəyyənləşdirilmişdir. Buna görə də hazırda ƏDV Avropa İttifaqının büdcəsinin əsas gəlir mənbəyidir. İttifaqa üzv olan hər bir dövlət ƏDV daxilolmalarının müəyyən faizini bu birliyin büdcəsinə köçürür.

Dolayı vergi olmaqla, ƏDV məhsulun qiymətinə əlavə formasında çıxış edir. Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, gəlir vergisi işçilərə ödənilən əmək­haqqının həcminin azalmasına səbəb olursa, ƏDV müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki o, məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir. Əlavə dəyər vergisinin iqtisadi mənası ondan ibarətdir ki, o, istehsalın və dövriyyənin bütün mərhələlərində yaradılmış və satılmış malların (işlərin, xidmətlərin) dəyəri ilə istehsal və dövriyyə xərclərinə aid edilmiş material xərcləri arasındakı fərq kimi müəyyən olunan əlavə edilmiş dəyərin bir hissəsindən tutulur.

Azərbaycanda ƏDV 1992-ci ildən tətbiq edilir.

Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Misal

Ticarət müəssisəsi kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğuldur. Müəssisənin ay ərzində dövriyyəsi 40 000 AZN təşkil etmişdir. Satılan kənd təsərrüfatə məhsullarının alış dəyəri 33 000 AZN olmuşdur.

Beləliklə, büdcəyə ödənilməli olan verginin məbləği 1 260 ((40 000-33 000)*18%) AZN təşkil edəcəkdir.



Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi. Maddələr: 153

Yazı sonuncu dəfə 2022-02-14 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!