ƏDV-nin dərəcələri

ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.

Vergi tutulan dövriyyə hesabat dövri ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir.

Bəzi işlərin görülməsi, xidmətlərin göstərilməsi və əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur.

ƏDV-nin sıfır (0) dərəcəsi ilə tutulması.

Aşağıdakı işlərin görülməsinə, xidmətlərin göstərilməsinə və əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur:

  • Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin, bu nümayəndəliklərin müvafiq statuslu Azərbaycan Respublikasının vətəndaşı olmayan diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlər;

    Sıfır (0) dərəcəsi ilə ƏDV o ölkələrə münasibətdə tətbiq edilir ki, həmin ölkələr tərəfindən yuxarıda qeyd edilən göstərilən işlərə, xidmətlərə və əməliyyatlara görə ƏDV sıfır (0) dərəcəsi ilə tətbiq edilsin.

  • qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;
  • Malların (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) və bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı;
  • Beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankına qızıl və digər qiymətlilərin göndərilməsi;
  • AR Prezidentinin qərarına əsasən yaradılan sənaye parkında AR Prezidentinin müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi - 2016-cı il mayın 1-dən 5 il müddətinə. Burada "sənaye parkı" dedikdə, AR Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkı, "müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti" dedikdə, gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti nəzərdə tutulur;

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası AR Prezidenti tərəfindən müəyyən edilir.

AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada təşkil edilən ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası AR Prezidentinin Fərmanı ilə müəyyən edilir.

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını AR Prezidentinin müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki AR Vergi Məcəllənsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını AR Prezidentinin müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

Misal

Fiziki şəxs bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdən 118 000 AZN (ƏDV daxil) məbləğində mənzil alıbdır. Həmin məbləğin ƏDV hissəsi 18 000 manat olduğu üçün vətəndaşa geri qaytarılmalı olan ƏDV məbləği olacaqdır:

18 000 AZN * 30% = 5 400 AZN



Yazı sonuncu dəfə 2023-10-26 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!