Muzdlu işlə əlaqədar əldə edilən gəlir

"Muzdlu işlə əlaqədar əldə edilən gəlir"lərə aiddir

Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir — əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

AR Vergi Məcəlləsi 13.2.34 maddəsinə əsasən

Muzdlu iş — əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün "işçi", bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs "işəgötürən", bu cür haqq isə "əmək haqqı" adlandırılır.

Əmək məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək məcəlləsinin 157.3 maddəsinə görə əmək haqqının tərkibinə aylıq(vəzifə) maaşı, ona əlavələr və mükafatlar daxildir.

  • Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
  • Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
  • Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Muzdlu işlə əlaqədar əldə edilən gəlirlərə, əmək haqqından başqa, işçinin əldə etdiyi hər-hansı fayda da daxildir.

Bu faydalara aid edilə bilərlər:

  1. Fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda — bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq;

    Misal

  2. İşə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda — bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri;

    Misal

  3. İşçinin xərclərinin əvəzi ödənildiyi halda — ödənən vəsaitin məbləği;

    Misal

  4. İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda — həmin borcun və ya öhdəliyin məbləği;

    Misal

  5. İşəgötürən tərəfindən ödənilən sığorta haqları;*

    Misal

    *Qeyd:

    Vergi Məcələsinin 102.1.8-ci maddəsinə əsasən gəlir vergisindən azaddır:

    • işəgötürən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqları;
    • 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər;
  6. işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda - həmin vəsaitin məbləği.

AR Vergi Məcəlləsinin 98.4 maddəsinə əsasən yuxarıda göstərilən hər 6 bənddə olan məbləğlərə və xərclərə aksizlər, əlavə dəyər vergisi və qiymətləndirilən əqdlə əlaqədar işə götürənin ödəməli olduğu hər hansı digər vergi daxildir.

"Muzdlu işlə əlaqədar əldə edilən gəlir"lərə aid deyildir

Vergi Məcəlləsinin 98.3 və 98.5 maddələrinə əsasən muzdlu işlə əlaqədar əldə edilən gəlirlərə aid deyildir:

  • Faktiki ezamiyyə xərcləri
  • Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 4 may 2002-ci il tarixli 75 saylı qərarı ilə müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlər
  • Digər işgüzar xərclərin əvəzinin ödənilməsi
  • İşəgötürən tərəfindən öz işçilərinə verilən pulsuz yemək
  • İşəgötürən tərəfindən öz işçilərinə təşkil etdiyi pulsuz əyləncələr
  • İşçilərin mənzil və ya işçinin mənzil xərclərinin ödənilməsi
  • İşəgötürən tərəfindən öz işçilərinə digər sosial xarakterli xərcləri

Misal

Fiziki şəxslərin aylıq gəlirindən aşağıdakı dərəcələrlə vergi tutulur:

Neft-qaz sahəsində və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulur:

Cədvəl 1

Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği
2500 manatadək 14 faiz
2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Cədvəl 2

Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi
8 000 manatadək 0 faiz
8 000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi

İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Misal
Qeyd*:

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları AR Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları

Aşağıdakı fiziki şəxslərin ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi yuxarıdakı cədvəllərə uyğun olaraq hesablanır və dövlət büdcəsinə ödənilir:

  • muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər;(cədvəl 1 və cədvəl 2-də olan dərəcələrə uyğun olaraq)
  • muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar;(cədvəl 1 və cədvəl 2-də olan dərəcələrə uyğun olaraq)
  • dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və ya sahibkarlar;(cədvəl 1-də olan dərəcələrə uyğun olaraq)
  • vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar;(cədvəl 1-də olan dərəcələrə uyğun olaraq)

Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən vergi ödəyiciləri fiziki şəxslərin aylıq gəlirlərini hesablayaraq yuxarıda göstərilən dərəcələrə uyğun olaraq ödəmə mənbəyində gəlir vergisi tutmalı və növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli, ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni isə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar.

Fiziki şəxslərin əmək kitabçasının olduğu əsas iş yerində (Neft-qaz sahəsində və dövlət sektoruna aid edilən vergi ödəyicilərində) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2 500 manatadək olduqda ölkə üzrə 200 manat məbləğində olan hissəsi azaldılır.

Dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən və vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və fərdi sahibkarlar da yuxarıda göstərilən dərəcələrə uyğun olaraq ödəmə mənbəyində gəlir vergisi tutmalı və gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli, həmin müddətədək də ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Yazı sonuncu dəfə 2020-01-03 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!