ƏDV: Vergi tutulan əməliyyatların və idxalın: vaxtı və yeri.

Vergi tutulan əməliyyatın aparıldığı və idxalın vaxtı.

Vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:

  • nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;
    Misal.

    ƏDV ödəyicisi yanvar ayının 21-i alıcıya 5 900 manat (ƏDV daxil) dəyərində mal təqdim etmişdir, yanvar ayının 23-də isə elektron qaimə-faktura (EQF) təqdim etmişdir. Alıcı mart ayının 5-i aldığı mallara görə ödəniş etmişdir.

    Malların və EQF-nın fevral ayında təqdim edilməsinə baxmayaraq ƏDV tutulan əməliyyatın vaxtı fevral ayı deyil, ödəmənin aparıldığı vaxt - mart ayı olacaqdır və mart ayının ƏDV bəyannaməsində öz əksini tapmalıdır.

  • qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt;
  • malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt;
  • natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt;
  • əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt;
  • tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt;

Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallar (işlər, xidmətlər) üzrə malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.

Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar üzrə ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.

Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir:

  • mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt;
  • mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt.

Vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.

Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir.

Malların (işlərin, xidmətlərin) təqdim edildiyi yer

  1. Malların təqdim edilməsi onların verildiyi yerdə həyata keçirilir. Malların göndərilməsi şərtlərində malların yola salınması və ya nəql edilməsi nəzərdə tutulursa, təqdim edildiyi yer onların yola salınmasına və ya nəql edilməsinə başlandığı yer sayılır. Lakin malları göndərən tərəf onları qurursa və ya quraşdırırsa, təqdim edilmə malların qurulduğu və ya quraşdırıldığı yer sayılır.
  2. İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır:

    2.1. daşınmaz əmlakın olduğu yer - işlər (xidmətlər) bilavasitə bu əmlakla bağlıdırsa. Bu cür işlərə (xidmətlərə) tikinti, tikinti-quraşdırma, təmir, bərpa işləri, daşınmaz əmlakla bağlı agent və ekspert xidmətləri və digər analoji işlər (xidmətlər) aiddir;

    2.2. işlərin faktiki görüldüyü (xidmətlərin faktiki göstərildiyi) yer - bunlar daşınan əmlakla bağlıdırsa;

    2.3. xidmətlərin faktiki göstərildiyi yer - xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə;

    Misal.

    Rezident hüquqi şəxs (icraçı) Azərbaycan Respublikasının ərazisində konsertlərin təşkili ilə məşğul olur. Konsertlərdə çıxış edən ifaçılar xarici vətəndaşlardır (qeyri-rezident fiziki şəxslər).

    AR Vergi Məcəlləsinin 168.1.3 maddəsinə əsasən xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə ƏDV məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

    Buna əsasən qeyri-rezident şəxsin göstərdiyi xidmətlərə görə ödənilən məbləğdən 18% dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

    Misal.

    Rezident hüquqi şəxsin əməkdaşlarının Türkiyədə ixtisasartırma kursunda iştirak etməsi üçün Türkiyədə yerləşən qeyri-rezidentin bank hesabına ödəniş etmişdir.

    Gösətrilən təhsil xidməti Azərbaycan Respublikası ərazısındən kənarda yerləşdiyi üçün bu ödəniş ƏDV cəlb edilməyəcəkdir.

    2.4. nəqletmənin faktiki həyata keçirildiyi yer - işlər (xidmətlər) bu nəqletmə ilə bağlıdırsa;

    2.5. iş görənin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu bəndin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir:

    • patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi;
    • məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi;
    • işçi qüvvəsinin verilməsi üzrə xidmətlərin göstərilməsi;
    • daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla);
    • müqavilənin əsas iştirakçısı adından bu bənddə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi;
    • kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi.
    • telekommunikasiya xidmətlərinin göstərilməsi;
    • radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinin göstərilməsi;
      Misal.

      Rezident hüquqi şəxs qeyri-rezident ilə idman oyunlarının və ya reklamın yayımlanması üçün müqavilə bağlayıb.

      Rezident şəxslər tərəfindən görülən Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində qeyd olunan işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi yer xarici ölkə olduqda, həmçinin işlər və ya xidmətlər alıcının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə bilavasitə bağlı olmadığı halda həmin işlərin görülməsi və ya xidmətlərin göstərilməsi xidmətin ixracı hesab olunur və belə əməliyyatlar 0 dərəcə ilə ƏDV-yə cəlb edilir.

    • elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsi;

    2.6. işi yerinə yetirən və ya xidmət göstərən şəxsin fəaliyyəti həyata keçirdiyi yer.

  3. 2-ci bənd tətbiq edildikdə, birdən çox bənddə sadalanan işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer bu bəndlərin sıra üzrə birincisi ilə müəyyənləşdirilir.


Yazı sonuncu dəfə 2023-10-26 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!