Əmlak vergisi: Vergi güzəştləri və azadolmalar
Azadolmalar
Güzəştlər
- Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla AR Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır.
AR VM Maddə 102.2
102.2.1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları;
102.2.1-1. Azərbaycanın Milli Qəhrəmanları;
102.2.2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;
102.2.4. müharibə ilə əlaqədar əlilliyi olan şəxslər;
102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları;
102.2.6. 1941—1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər;
102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər;
102.2.8. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
|
Misal.
Müharibə ilə əlaqədar əlilliyi olan fiziki şəxsin Qazax şəhərində xüsusi mülkiyyətində olan mənzilinin sahəsi 300 kv.m-dir. Vergi Məcəlləsinin 198.1.1 maddəsinə əsasən 30 kv.m-dən vergi tutulmur, qalan sahədən isə, yəni 270 kv.m-dən hər kv.m-yə görə 0.20 AZN təşkil edir. O zaman vergi belə hesablanacaq:
270 * 0.20 = 54 AZN
Bundan başqa, AR Vergi Məcəlləsinin 199.3 maddəsinə əsasən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin ödəməli olduqları əmlak vergisinin məbləği 30 AZN azaldılır. Beləliklə, müharibə ilə əlaqədar əlilliyi olan fiziki şəxsin ödəməli olduğu əmlak vergisinin məbləği olacaqdır:
54 - 30 = 24 AZN
- Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:
- ekologiya və yanğından mühafizə üçün istifadə edilən əsas vəsaitlər;
- müəssisələrin mülkiyyətində (balansında) olan və siyahısı AR Nazirlər Kabineti tərəfindən təsdiq edilən mülki müdafiə təyinatlı əmlaklar;
- məhsul ötürən kəmərlər, dəmir və avtomobil yolları, rabitə və enerji ötürücü xətləri, meliorasiya və suvarma sistemi obyektləri, peyklər və digər kosmik obyektlər;
- fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri;
- təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin və fərdi sahibkarın yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlər;
2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi aşağıdakı şərtlər daxilində vergi ödəyicisinin ərizəsi əsasında qaytarılır və ya onun razılığı ilə sonrakı vergi öhdəliklərinin yerinə yetirilməsinə aid edilir:
- hesabat ilində digər vergilər üzrə hesablanmış və ödənilmiş verginin məbləği özəlləşdirilməsi başa çatmış əmlaka görə həmin hesabat ili üçün dövlət büdcəsinə hesablanmış və ödənilmiş verginin məbləğindən az olmasın;
- ödənilmiş əmlak vergisinin qaytarılmasına dair ərizə ilə müraciət edildiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmasın.
Yuxarıdakı abzasda müəyyən olunmuş güzəşt hüququ eyni əmlaka görə yalnız bir hesabat ili üzrə tətbiq edilir.
Yazı sonuncu dəfə 2024-01-18 tarixində yenilənib.
|