Yol vergisinin dərəcələri

Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxlarının sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır:

A. Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən:

  • minik avtomobilləri üçün mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
    Ölkə ərazisində qaldığı müddət Mühərrikin həcmi 2000 kub santimetrədək olduqda Mühərrikin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olduqda Mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda
    1 aya qədər15 ABŞ dolları20 ABŞ dolları40 ABŞ dolları
    3 aya qədər30 ABŞ dolları40 ABŞ dolları60 ABŞ dolları
    1 ilə qədər40 ABŞ dolları80 ABŞ dolları120 ABŞ dolları
    1 ildən yuxarı40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları80 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,6 ABŞ dolları120 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 1,2 ABŞ dolları

    Misal

    Gürcüstan vətəndaşı mühərrikinin həcmi 1600 kub santimetrədək olan şəxsi avtomobili ilə Azərbaycan Respublikasının ərazisinə 3 gün müddətinə daxil olmuşdur. Belə olduqda, xarici vətəndaş AR gömrük ərazisinə daxil olan zaman 15$ məbləğində yol vergisi ödəməlidir.


  • avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
    Ölkə ərazisində qaldığı müddət Oturacaq yerlərinin sayı 12-dək olanda Oturacaq yerlərinin sayı 13-dən 30-dək olanda Oturacaq yerlərinin sayı 31 və çox olanda
    1 gün üçün15 ABŞ dolları20 ABŞ dolları25 ABŞ dolları
    1 həftəyədək30 ABŞ dolları40 ABŞ dolları50 ABŞ dolları
    1 aya qədər100 ABŞ dolları140 ABŞ dolları175 ABŞ dolları
    3 aya qədər300 ABŞ dolları400 ABŞ dolları500 ABŞ dolları
    1 ilə qədər1050 ABŞ dolları1400 ABŞ dolları1750 ABŞ dolları
    1 ildən yuxarı1050 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 12 ABŞ dolları1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları1750 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 20 ABŞ dolları
    Misal

    Xarici dövlətə məxsus 36 oturacaq yeri olan sərnişin avtobusu, Azərbaycanda 30 gün ərzində qalacaqsa AR gömrük ərazisinə daxil olan zaman 175$ məbləğində yol vergisi ödəməlidir.


  • yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
    Ölkə ərazisində qaldığı müddət 4 (dörd) oxa qədər olanda 4 (dörd) ox və çox olanda
    1 gün üçün20 ABŞ dolları30 ABŞ dolları
    2 həftəyədək40 ABŞ dolları80 ABŞ dolları
    1 aya qədər140 ABŞ dolları280 ABŞ dolları
    3 aya qədər400 ABŞ dolları800 ABŞ dolları
    1 ilə qədər1400 ABŞ dolları2800 ABŞ dolları
    1 ildən yuxarı1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları2800 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları
  • Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır.
  • Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər.
Yuxarıda göstərilən verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün aşağıdakı qədər artırılır:
    nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:
  • 41 tondan 51 tonadək olduqda — 0,30 ABŞ dolları;
  • 51 tondan 61 tonadək olduqda — 0,45 ABŞ dolları;
  • 61 tondan 71 tonadək olduqda — 0,60 ABŞ dolları;
  • 71 tondan 81 tonadək olduqda — 0,75 ABŞ dolları;
  • 81 tondan çox olduqda — 1,8 ABŞ dolları;

B. AR-nın ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və AR-nın ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi AR Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satilan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük orqanları tərəfindən həyata keçirilir.

Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi. Maddələr: 211

Yazı sonuncu dəfə 2023-10-23 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!