Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlər

"Uzunmüddətli müqavilə" — müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin vergi ili ərzində başa çatdırılmadığı müqavilə deməkdir. Müqavilədə göstərilən işlərin başlandığı gündən 6 ay ərzində başa çatdırılmasını nəzərdə tutan müqavilələr uzunmüddətli müqavilələrə aid edilmir.

Vergi ödəyicisi hesablama metodu ilə uçot aparırsa, uzunmüddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq uçota alınır.

Müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir.

Misal.

Tikinti-quraşdırma işləri ilə məşğul olan müəssisə hesablama metodu ilə uçot aparır. 2023-cü ilin noyabr ayında müəssisə sifarişçi ilə 250 000 AZN (ƏDV-siz) dəyərində müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə tikinti-quraşdırma işləri 8 ay ərzində bitməlidir. Tikinti-quraşdırma işlərinin smeta dəyəri 175 000 AZN-dir (ƏDV-siz).

2023-cü ilin dekabr ayının sonuna müəssisə müqavilə üzrə tikinti-quraşdırma işlərinə görə faktiki olaraq 52 500 AZN (ƏDV-siz) xərc çəkmişdir. Bu isə smeta xərclərinin 30% təşkil edir (52 500/175 000).

Beləliklə, tikinti-quraşdırma müəssisəsinin gəliri 2023-cü ildə olacaqdır:

250 000 * 30% = 75 000 AZN (ƏDV-siz).

Mənfəət isə olacaqdır: 75 000 - 52 500 = 22 500 AZN (ƏDV-siz)



Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi. Maddələr: 138

Yazı sonuncu dəfə 2023-11-10 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!