Aksizli mallar üzərində vergi nəzarəti, maliyyə sanksiyaları və faizlərAksizli mallar üzərində vergi nəzarəti Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı malların siyahısı, həmin mallara aksiz markalarının tətbiqi qaydası AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Vergi orqanları aksizli malların markalanmasına nəzarəti ödəyicilərin müvafiq binalarında nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla və digər tədbirlər görməklə həyata keçirir. Plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına və ya məcburi nişanlama ilə nişanlanmamasına, tam uçota alınmamasına, aksiz markaların və məcburi nişanlamanın inventarizasiyasında kənarlaşmalara yolverilməsinə, eləcə də hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinə 5 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Eyni zamanda, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir. Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları AR Vergilər Nazirliyi və həmin qaydaların tələblərini pozan şəxs AR İnzibati Xətalar Məcəlləsində və AR Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Aksiz markasının verilməsinə görə "Dövlət rüsumu haqqında" AR Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. AR İnzibati Xətalar Məcəlləsi Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda, yəni 500 manatadək satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə - - aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə, fiziki şəxslər 150 manatdan 250 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir. Pərakəndə satış istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, yəni 50 manatadək olan məbləğdə, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda, yəni 50 manatadək olan məbləğdə alınması - - 100 manat məbləğində cərimə edilir. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan idxal edilməsi Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda, yəni 500 manatadək məbləğdə idxal edilməsinə görə - aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər 80 manatdan 120 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir. AR Cinayət Məcəlləsi Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda, yəni 500 manatdan 2000 manatadək olan məbləğdə satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə - - 2 000 manatdan 3 000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. - eyni əməllər külli miqdarda, yəni 2000 manatdan yuxarı olan məbləğdə, təkrarən və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; Pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda, yəni 50 manatdan 1 000 manatadək olan məbləğdə satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda, yəni 50 manatdan 1 000 manatadək olan məbləğdə alma - - 1 000 manatdan 2 000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada külli miqdarda, yəni 1 000 manatdan yuxarı olan məbləğdə törədildikdə - - 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Saxta aksiz markalarının dövriyyəsi Saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış məhsulları (malları) əldə etmə, saxlama və ya satma - - 2 000 manatdan 3 000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd: Saxta aksiz markası ilə markalanmış məhsulları (malları) əldə edən, saxlayan və ya satan şəxs həmin məhsulların (malların) digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmur. Maliyyə sanksiyaları və faizlər Aksiz bəyannaməsi və ya vergi öhdəliyinin yaranmaması barədə müvafiq arayışı əsas olmadan vaxtında təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Aksizli malların satış qiymətinə daxil edilən vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicilərindən ödənilməmiş vergi ödəməsi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur. Bu faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi, Maddə 58.9, 58.14, 194 Yazı sonuncu dəfə 2022-02-06 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!