Riskli vergi ödəyicisi

AR Vergi Məcəlləsinin 13.2.82 maddəsinə əsasən:

Riskli vergi ödəyicisi - AR Nazirlər Kabinetinin təsdiq etdiyi Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları-na cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar AR İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir.

Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:

  1. Riskli əməliyyatları aparan şəxs olduqda.

    Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:

    • Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.
      Misal üçün, müəssisə xaricdən məişət texnikası idxal edir, və YGB-də məişət texnikası qeyd edilibdir, satdığı mallar isə ayaqqabıdır.
    • Vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
      Misal üçün, fiziki şəxs düvr ərzində 100 cüt ayaqqabı idxal etmişdir və ya əldə etmişdir, satılan miqdar isə 2 500 cütdür.
  2. Aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə.

    Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.

    Misal üçün, müəssisə xərclərini artırmaq və mənfəət vergisini azaltmaq məqsədi ilə hər-hansı şəxs ilə konsultasiya xidmətinin göstərilməsi müqaviləsi bağlayır. Lakin, vergi nəzarəti tədbiri zamanı aşkar olunur ki əslində bu xidmətlər göstərilməyib.
  3. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə

    Qeyd: Digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna təşkil edir.

    Misal üçün, müəssisə ay ərzində 50 ton meyvə şirələri idxal etmişdir, lakin müəssisənin bu qədər mal saxlamaq üçün anbarı yoxdur və ya ona məxsus anbar çox kiçikdir, o zaman, müəssisə riskli vergi ödəyicisi hesab edilir. Lakin, əldə edilən meyvə şirələri digər müəssisələr üçün sifariş əsasında gətirilib və bilavasitə sifarişçilərə təhvil verilibsə, o zaman, müəssisə riskli vergi ödəyicisi hesab edilmir.
  4. Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə.

    Qeyd: vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna təşkil edir.

    Misal üçün, müəssisə ayaqqabı istehsalı ilə məşğuldur, lakin vergi nəzarəti zamanı məlum olur ki dövr ərzində müəssisə məişət texnikasını sənədləşdirmədən təqdim edib. Belə olduqda, müəssisə riskli vergi ödəyicisi hesab edilir. Lakin, müəssisə ona məxsus və öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi məişət texnikasının təqdim edilməsi istisnadır.
  5. Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda.

    Qeyd: vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna təşkil edir.

    Misal üçün, müəssisə mart-avqust aylarında 100 000 manatlıq qış paltarları idxal edib (və ya yerli müəssisədən əldə edib). Lakin, həmin dövr üzrə yalnız 5 000 manatlıq satışı olub. Belə olduqda, müəssisə riskli vergi ödəyicisi hesab edilməyə bilər, çünki idxal edilən mallar qış mövsumuna aiddir, və bu səbəbdən də satışlar belə aşağı olmuşdur.
  6. Yuxarıdakı 1-5-ci bəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs.
    Vergi ödəicisi olan fiziki şəxs riskli vergi ödəyicisidir. Belə olduqda, bu fiziki şəxsin rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs də riskli vergi ödəyicisi hesab edilir.
  7. Yuxarıdakı 1-5-ci bəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs.

    Riskli vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri və ya təsisçisi digər hüquqi şəxslərin rəhbəri və ya təsisçisidirsə, o zaman, həmin hüquqi şəxs və ya şəxslər də riskli vergi ödəyicisi hesab edilir.

  8. 5-dən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.

    Fiziki şəxs 5 hüquqi şəxsin rəhbəridir. Və qərar veriri ki 6-cı hüquqi şəxsin rəhbəri olsun. Belə olduqda, fiziki şəxsin rəhbərlik etdiyi bütün hüquqi şəxslər riskli vergi ödəyici siyahısına daxil edilir.



Məsuliyyət

Riskli vergi ödəyicisiləri, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyiciləri barədə məlumatlar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc ediləcək.

Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərir.

Eyni zamanda, əgər vergi ödəycisi riskli vergi ödəyicisi ilə hər hansı bir əqdi həyata keçirmək istəyirsə, ona avtomatik qaydada bir məlumat gedir. Ona bildirilir ki, əməliyyat həyata keçirmək istədiyiniz vergi ödəyicisi yüksək risk qrupuna aiddir. Vergi ödəyicisi bu bildirişi elektron formada alır və öz qərarını verir. Misal üçün, vergi ödəyicisi riskli vergi ödəyicisinə elektron qaimə-faktura göndərirsə, sistemdən "Bu vergi ödəyicisi riskli vergi ödəyicisidir" xəbərdarlıq xarakterli bildiriş alacaqdır.

Qeyd edək ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərinə, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsində bir sıra məhdudlaşdırmalar nəzərdə tutulur. Belə məhdudlaşmalara aşağıdakılar aiddir:

  • Əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulur (AR VM, Maddə: );
  • Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (AR VM, Maddə: 109.9.);
  • Əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir (AR VM, Maddə: 175.11);
  • Riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və (və ya) vergi sirri olmayan məlumat hesab edilir (AR VM, Maddə: 30.2.9);
  • Vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasınınoperativ vergi nəzarəti tədbirinin aparılmasına əsas verir (AR VM, Maddə: 38.3.8-1, 50.2.5);
  • Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır (AR VM, Maddə: 83.7);
  • Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır (AR VM, Maddə: 85.8);
  • Riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılır (AR VM, Maddə: 87.3-1).
  • Riskli vergi ödəyiciləri tərəfindən artıq ƏDV ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir (AR VM, Maddə: 179.4).
  • Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir (AR VM, Maddə: 222.3).

Qeyd etmək lazımdır ki, risk qrupundan çıxmaq üçün vergi ödəyicisi elədiyi əməliyyatları könüllü qaydada ləğv edərsə, bu əməliyyatlardan yaranan öhdəliklərini, yəni vergidən yayındırdığı vergini büdcəyə ödəyərsə, və belə əməliyyatlar aparmayacağına yazılı zəmanət verərsə, bu məsələyə baxılır, və müsbət qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir.

Yazı sonuncu dəfə 2023-10-20 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!