ƏDV: Vergi ödəyiciləri

Əlavə dəyər vergisinin ödəyiciləri aşağıdakılardır:

  1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər;
  2. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər, bu cür idxal malları üzrə;
  3. Azərbaycan Respublikası ərazisində ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən qeyri-rezident şəxslər, həmin işlər və ya xidmətlər üzrə;
  4. Hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır. Ayrıca şəxs dedikdə birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs nəzərdə tutulur. Qeyd edək ki, belə olduqda, digər iştirakçıların birgə sahibkarlıq məqsədləri üçün ƏDV qeydiyyatına alınma zərurəti yoxdur.
  5. Aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçılarıbina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər.

Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi və könüllü qeydiyyat

Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o сümlədən sadələşdirilmiş vergi ödəyicisi hüququndan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər, idman mərc oyunlarının operatoru və satıcıları və mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər istisna olmaqla) növbəti ayın birinci günündən başlayaraq 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Eyni qayda birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxsə də aiddir.

Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən və aşağıdakı tələblərə cavab verən şəxslər ƏDV üzrə könüllü qeydiyyat hüquqdan istifadə edə bilərlər:

  • göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;
  • digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;
  • göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən şəxslər.

Bu şəxslər hər il yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir. Bu şəxslər ƏDV üzrə qeydiyyatı qeydiyyatın qüvvəyə mindiyi gündən 3 il müddətində ləğv edə bilməzlər.

Qeydiyyat.

ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə AR Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə verilməlidir.

Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona vergi orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur.

Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:

  1. məcburi qeydiyyat zamanı – ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə.

    Qeyd: bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək;

    Aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçılarıbina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə;

  2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə;

  3. vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə.

    Qeyd: Həmin tarix əvvəlki 3 illik dövrdən artıq müddəti əhatə etməməlidir. 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir. Bu şərt mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslərə tətbiq edilmir.

ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir.

Qeydiyyatın ləğv edilməsi.

Fəaliyyətin müvəqqəti dayandırılması halları istisna olmaqla, vergi ödəyicisi ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.

Qeyd:

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.

Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki ardıcıl tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, əvvəlki abzasda nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Yazı sonuncu dəfə 2022-02-14 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!