Peşə standartları

Peşə standartı (peşə xarakteristikası) nədir?

Konkret peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına qoyulan ümumi tələbləri sistemli şəkildə əks etdirən sənəddir. O, müvafiq səriştələr çərçivəsində işçinin bilik, bacarıq və vərdişləri nəzərə alınmaqla, onun əmək funksiyalarını yerinə yetirməsinə imkan verəcək konkret vəzifə öhdəliklərinin və fəaliyyətlərin siyahısını özündə ehtiva edir.

Peşə standartı – işdəki rolu təyin etməyə, işçinin fəaliyyətini qiymətləndirməyə, eləcə də, təkmilləşmə, peşə yüksəlişi üçün yollar müəyyən etməyə və hazırlamağa kömək edə bilər.

Peşə standartları ISCO 88/08-ə uyğun olaraq təsnifatlaşdırılır.

Peşə standartlarının əsas komponentləri nələrdir?

  • Peşənin qısa təsviri
  • Əmək şəraiti
  • İşə qəbul tələbləri
  • Tabeçilik
  • Peşə standartı üçün məsuliyyət və müstəqillik səviyyələri
  • Karyera yüksəlişi və sərbəst məşğulluq imkanları
  • Əsas vəzifə və fəaliyyətlərin siyahısı
  • Səriştələrin qısa təsviri:
    • Bilik
    • Bacarıq
    • Yanaşma
    • Əlavə/ümumi səriştələr

Peşə standartları üçün bacarıq səviyyələri

  1. Birinci bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələr ixtisası olmayan işçi qüvvəsini əhatə edir.
  2. İkinci bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələrə ixtisaslı işçilər daxildir.
  3. Üçüncü bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələr əsasən texniki işçiləri əhatə edir.
  4. Dördüncü bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələrə menecerlər, mühəndislər, müəllimlər, həkimlər və s. daxildir ki, bunlar çox vaxt peşəkarlar adlandırılır.

Peşə standartlarının tətbiqini zəruri edən amillər

  • Texnologiyaların sürətlə inkişaf etməsi və idarəetmədə dəyişikliklər;
  • İş yerlərində peşələrə olan tələbin sürətlə dəyişməsi;
  • Qloballaşmanın və işçi qüvvəsinin miqrasiyasının sürətlənməsi;
  • Azərbaycanın dünya təsərrüfatı sisteminə sürətlə inteqrasiyası.

Peşə standartının üstün cəhətləri

Müasir tələblərə uyğun peşə standartlarının tətbiqi müxtəlif maraqlı tərəflər üçün aşağıdakı məqsədlər baxımından faydalıdır:

İşəgötürənlər (müəssisələr) üçün:

  • Peşə təsvirləri, fərdi xarakteristikalar, və effektiv müsahibə vasitəsilə işə qəbulun və işçi heyətinin tərkibinin təkmilləşdirilməsi və müvafiq xərclərə qənaət edilməsi
  • İşçilərin vəzifə və fəaliyyətləri barədə aydın təsəvvürə malik olmasının təmin edilməsi
  • Bacarıqlı, motivasiyalı və çevik işçi qüvvəsinə sahib olmaqda yardım
  • Fərdi fəaliyyətin qiymətləndirilməsi və işçilərə hədəfli məlumatların verilməsi
  • Bilik və bacarıqların çatışmadığı sahələrin müəyyənləşdirilməsi
  • Təhsil və inkişaf proqramlarının, iş yerində qiymətləndirmənin effektiv şəkildə qurulması vasitəsilə təlim xərclərinin aşağı salınması
  • Vəzifə artımı üçün işçilərin bilik və bacarıqlar əldə etməyə həvəsləndirilməsi
  • İşçilərin hüquqi və təşkilati tələblərə əməl etməyə həvəsləndirilməsi
  • Fəaliyyətin aydın hədəflərə qarşı ölçülməsi
  • Tərəfdaşlarla birlikdə çalışan zaman ümumi standartlardan istifadə edilməsi
  • Müştərilərə xidmətin təkmilləşdirilməsi
İşçilər üçün:
  • Peşə səviyyələrinin qiymətləndirilməsi və ixtisas artımı
  • Sertifikat vasitəsilə ixtisaslaşmanın təsdiqi
  • Gələcək peşə və karyera yüksəlişinin planlaşdırılması
Təhsil idarəetmə orqanları və müəssisələri üçün:
  • Peşə təhsilinin real məqsədlərinin formalaşdırılması
  • Peşə standartları əsasında təhsil standartlarının formalaşdırılması
  • Təlimin həcmi və profillərinin planlaşdırılması, o cümlədən, işəgötürənlərin məzunlara qarşı tələblərini nəzərə alan tədris plan və proqramlarının hazırlanması
  • Məzunların keyfiyyətinin bazarın tələbləri əsasında qiymətləndirilməsi
Dövlət məşğulluq orqanları üçün:
  • Məşğulluq siyasətinin işlənib həyata keçirilməsi
  • İşsiz əhalinin peşə təlimi
  • Əmək bazarının tələbatlarının proqnozlaşdırılması
  • Sosial inkişafın planlaşdırılması

Nümunəvi Peşə standartları

Mühasib

Mühasib təsərrüfat sübyektinin aktivləri, passivləri, gəlir, mənfəət, zərər, vergi öhdəliyi və digər maliyyə fəaliyyətlərini həyata keçirir, onların qeydiyyatını aparır və maliyyə hesabatlarını hazırlayır. O, eyni zamanda hüquqi və fiziki şəxslərin maliyyə sövdələşmələri ilə əlaqədar fəaliyyətləri yerinə yetirir, habelə uçotun aparılması, uyğunluq tələbləri barədə məlumat və məsləhət verir.

Yüklə

Maliyyə meneceri

Maliyyə meneceri təsərrüfat sübyektinin maliyyə vəziyyətinə məsuliyyət daşıyır. O, təsərrüfat sübyektinin uzunmüddətli maliyyə strategiyasının layihəsini hazırlayır, həmçinin müəssisə rəhbərliyinin tələblərinə, eləcə də hüquqi normalara əsasən biznes planları və maliyyə hesabatlarını tərtib edir, riskləri minimuma endirməklə investisiyaların gəlirliliyini artırır, sərmayə qoyuluşu üzrə təkliflər verir və mühasibatlığa nəzarət edir, həmçinin təsərrüfat subyektinin ayrı-ayrı filiallarında, şöbələrində ona tabe olan işçilərin fəaliyyətini idarə və koordinasiya edir.

Yüklə

Əmək haqqının hesablanması üzrə mütəxəssis

Əmək haqqının hesablanması üzrə mütəxəssis, müəssisədə (təşkilatda) işçi heyətin avanslarının və aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatların), kompensasiya, son haqq-hesabların hesablanması və ödənilməsi işlərini yerinə yetirir.

Yüklə

Daxili auditor

Daxili auditor təsərrüfat subyektində maliyyə-təsərrüfat risklərinin idarə olunmasını, nəzarət mühiti və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsini həyata keçirir. O, müəssisənin fəaliyyətində qanunvericiliyin (qaydaların) tələblərinə riayət olunmasını təmin etmək məqsədi ilə struktur bölmələrində (şöbə və filiallarda) auditi həyata keçirir, müvafiq hesabatlar hazırlayır və audit planına uyğun olaraq risklərin minimallaşdırılması üzrə tövsiyələri rəhbərliyə (Müşahidə Şurası və/və ya Audit Komitəsinə) təqdim edir.

Yüklə



Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2018-08-26 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!