Köməkçi istehsalat məsrəfləri

Bildiyimiz kimi, köməkçi istehsalat müəssisənin istehsalı yaxud əsas fəaliyyəti üçün müəyyən növ xidmətlər göstərməklə və yaxud işlər yerinə yetirməklə onların normal fəaliyyətini təmin edir. Və bu istehsalatlarda yaranan məsrəflər köməkçi istehsalat məsrəfləri adlanır.

Köməkçi istehsalata, əsasən, aid edilir:

  • enerjinin müxtəlif növləri ilə xidmət (elektrik enerjisi, buxar, qaz, hava və s.);
  • nəqliyyat xidməti;
  • əsas vəsaitlərin təmiri;
  • tara istehsalı;
  • alətlərin, qəliblərin, ehtiyat hissələrinin hazırlanması;
  • tikinti detalları, konstruksiyaları, yaxud tikinti materiallraı ilə zənginləşdirmə (əsasən tikinti müəssisələrində);
  • daş, çınqıl, qum və digər filiz sayılmayan materialların çıxarılması;
  • taxta-şalbanın tədarükü və mişarlanması;
  • kənd təsərrüfatı məhsullarının duza qoyulması, qurudulması və konservləşdirilməsi (əsasən ticarət müəssisələrində) və s.

Köməkçi istehsalatda işlər və xidmətlər üzrə məsrəflər dolayı məsrəflərdir, və müəssisənin uçot siyasətində qeyd edilən qaydalar üzrə hər ay müvafiq əsas istehsalat məsrəflərinə (istehsal edilən məhsulların maya dəyərinə bölüşdürülərək) silinir.

Köməkçi (yardımçı) olan istehsalatların məsrəfləri haqqında məlumatları 202-7 "Köməkçi istehsalat (iş və xidmət) məsrəfləri" hesabında ümumiləşdirmək olar. Bu hesab Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları-nda nəzərdə tutulmayıb. Lakin, ehtiyac yaranarsa, müəssisə bu hesabı öz qərarı əsasında aça bilər, və bu barədə öz uçot siyasətində qeydlər aparmalıdır.

202-7 "Köməkçi istehsalat (iş və xidmət) məsrəfləri" hesabına aşağıdakı subhesablar açıla bilər:

  • 202-7.1 Köməkçi istehsalatda (işdə və xidmətdə) istifadə olunmuş xammal və materiallar
  • 202-7.2 Köməkçi istehsalatla (işlə və xidmətlə) məşğul olan işçi heyəti ilə bağlı məsrəflər
  • 202-7.3 Köməkçi istehsalatla (işlə və xidmətlə) məşğul olan işçi heyəti ilə bağlı məsrəflərə görə hesabalanılan sosial sığorta ayırmaları
  • 202-7.4 Köməkçi istehsalat (iş və xidmət) aktivlərinin amortizasiya məsrəfləri
  • 202-7.5 Köməkçi istehsalatla (işlə və xidmətlə) bağlı sair məsrəflər

Bu məsrəflərə əsasən aşağıdakı xidmətlər üzrə məsrəfləri aid etmək olar:

  • enerjinin müxtəlif növləri ilə xidmət (elektrik enerjisi, buxar, qaz, hava və s.);
  • nəqliyyat xidməti;
  • əsas vəsaitlərin təmiri;
  • alətlərin, qəliblərin, ehtiyat hissələrinin hazırlanması;
  • tikinti detalları, konstruksiyaları, yaxud tikinti materiallraı ilə zənginləşdirmə (əsasən tikinti müəssisələrində);
  • daş, çınqıl, qum və digər filiz sayılmayan materialların çıxarılması;
  • taxta-şalbanın tədarükü və mişarlanması;
  • kənd təsərrüfatı məhsullarının duza qoyulması, qurudulması və konservləşdirilməsi (əsasən ticarət müəssisələrində) və s.

Köməkçi istehsalın məsrəfləri istehsal olunan məhsulun maya dəyərinə daxil edilmə qaydasına görə birbaşa və dolayı olaraq təsnifləşdirilir.

Köməkçi istehsalın birbaşa məsrəflərinə köməkçi istehsal ilə birbaşa bağlı olan məsrəflər aid edilir (köməkçi istehsalın işçilərinin əmək haqqısı, köməkçi istehsaldə istifadə edilən xammal və materiallar, köməkçi istehsalın əsas vəsaitlərinin amortizasiyası və s.).

202-7 "Köməkçi istehsalat (iş və xidmət) məsrəfləri" hesabının debeti üzrə bilvasitə məhsul buraxılışı, işinin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar birbaşa xərclər, habelə köməkçi istehsalatlara xidmət və onların idarə edilməsi ilə əlaqədar dolayı xərclər əks etdirilir. Bilavasitə məhsul buraxılışı, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar birbaşa xərclər, istehsalat ehtiyatları, əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaları və s. uçota alan hesabların kreditindən 202-7 "Köməkçi istehsalat (iş və xidmət) məsrəfləri" hesabının müvafiq subhesablarının debetinə silinir. Köməkçi istehsalatlara xidmət və onların idarə edilməsi ilə əlaqədar dolayı xərclər 202-7.5 "Köməkçi istehsalatla (işlə və xidmətlə) bağlı sair məsrəflər" hesabına silinir. Məqsədə uyğun hallarda istehsala xidmət üzrə xərclər bilavasitə 202-7 "Köməkçi istehsalat (iş və xidmət) məsrəfləri" hesabında uçota alına bilər.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Köməkçi istehsalatda xammal və materialların silinməsi 202-7.1 "Köməkçi istehsalatda (işdə və xidmətdə) istifadə olunmuş xammal və materiallar" 201 "Material ehtiyatları" -

Köməkçi istehsalın dolayı məsrəfləri inzibati-idarəetmə istehsal məsrəfləri təşkil edir (inzibati işçilərin əmək haqqısı, inzibati binaların amortizasiyası və s.).

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Köməkçi istehsalatda idarəetmə heyyətinin əmək haqqısı hesablanır 202-7.2 "Köməkçi istehsalatda məşğul olan işçi heyəti ilə bağlı məsrəflər" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" -

Köməkçi istehsalın məsrəflərinin silinməsi

Müəssisədə fəaliyyət göstərən köməkçi istehsalat həm müəssisədaxili əsas istehsalın ehtiyacları üçün çalışa bilər, həm də başqa müəssisələr üçün məhsul (iş və xidmət) istehsal edə bilər.

Adətən köməkçi istehsalat məsrəflərinin əsas və ya köməkçi istehsala aid olmasını müəyyən etmək mümkün olmur. Bu səbəbdən də, bu məsrəflər müəssisənin uçot siyasətində qeyd edilən müvafiq göstəriciyə əsasən bölüşdürülür (misal üçün, birbaşa məsrəflərin məbləğinə əsasən).

Misal.

Mebel fabrikinin balansında köməkçi (qazanxana) sex və xidmətçı bölmə (yeməkxana) vardır. Hesabat dövrü ərzində əsas istehsalat və xidmətçı bölümünün birbaşa məsrəfləri 20 500 AZN təşkil etmişdir, o cümlədən:

  • hazır məhsulun istehsalı üzrə əsas istehsalat məsrəfləri - 17 000 AZN;
  • əsas istehsala xidmətçı bölümün məsrəfləri - 3 500 AZN.

Müəssisəni isti ilə təmin edən köməkçi istehsalatın məsrəfləri 7 000 AZN təşkil etmişdir.

Müəssisənin uçot siyasətində qeyd edilibdir ki, köməkçi istehsalat məsrəfləri müxtəlif istehsalat sexləri və istehsalat bölmələri arasında birbaşa məsrəflərə proporsional olaraq bölüşdürülür.

O zaman, köməkçi istehsalat məsrəfləri aşağıdakı qaydada bölüşdürüləcək

  • əsas istehsalata aid olan məsrəflər - 5 805(17 000 / 20 500 * 7000) AZN;
  • xidmətçı istehsalata aid olan məsrəflər - 1 195(3 500 / 20 500 * 7000) AZN.
Müəssisənin mühasibi aşağıdakı müxabirləşmələri edəcəkdir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Əsas istehsalat məsrəfləri əks olunur 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 201, 522, 533 17 000
2 Xidmətçi istehsalat məsrəfləri əks olunur 721 "İnzibati xərclər" 201, 522, 533 3 500
3 Köməkçi istehsalat məsrəfləri əks olunur 202-7 "Köməkçi istehsalat (iş və xidmət) məsrəfləri" 201, 522, 533 7 000
4 Köməkçi istehsalat məsrəflərinin əsas istehsalat məsrəflərinə silinməsi əks olunur 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 202-7 "Köməkçi istehsalat (iş və xidmət) məsrəfləri" 5 805
5 Köməkçi istehsalat məsrəflərinin xidmətçi istehsalat məsrəflərinə silinməsi əks olunur 721 "İnzibati xərclər" 202-7 "Köməkçi istehsalat (iş və xidmət) məsrəfləri" 1 195


Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!