Vəzifə və Hüquqlar

Öhdəliklər

Müəssisələrin mühasibat uçotu bu müəssisələr tərəfindən təşkil edilmiş mühasibatlıqlar, mərkəzi mühasibatlıqlar və ya mühasibat uçotu xidmətini göstərən sahibkarlıq subyektləri tərəfindən həyata keçirilir. Mühasibat uçotu subyektlərinin mühasibatlıqları və ya bu mühasibat uçotu subyektlərinin aparatlarının tərkibində təşkil edilmiş mərkəzi mühasibatlıqlar illik maliyyə hesabatlarını tərtib və təqdim etməlidir.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ləğv edilən mühasibat uçotu subyektinin ləğvi haqqında qərar qəbul olunarkən müəyyən edilmiş tarixə mühasibat uçotu subyekti üzrə ləğv komissiyası yekun maliyyə hesabatlarını və yekun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edir. Müəssisənin əmlakı ləğv komissiyasının müəyyən olunmuş qaydada təyin etdiyi qiymətlərlə uçota alınır. Ümidsiz borclar və zərərlər yekun maliyyə hesabatlarına və yekun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına daxil edilmir. Ləğv olunan müəssisənin öhdəlikləri dəqiqləşdirilərək yekun "Maliyyə vəziyyəti haqqında" hesabatda əks etdirilir və "Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər"də ödəniş günündən başlayaraq öhdəliklərin yerinə yetirilməsi xronoloji ardıcıllıqla bölgü üzrə göstərilir.

Müəssisələrdə təşkil edilmiş mühasibatlıqlar, mərkəzi mühasibatlıqlar və ya mühasibat uçotu xidmətini göstərən sahibkarlıq subyektləri vasitəsi ilə aşağıdakı işlər (xidmətlər) həyata keçirilir:

  1. mühasibat uçotunun aparılması üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmək;
  2. mühasibat uçotunun aparılmasını həyata keçirmək;
  3. mühasibat uçotunu ilkin uçot sənədləri əsasında, mühasibat uçotu registrlərini tərtib etməklə fasiləsiz həyata keçirmək;
  4. maliyyə, vergi və digər hesabatların tam və vaxtında təqdim olunmasını təmin etmək;
  5. kommersiya sirri hesab edilən məlumatları məxfi saxlamaq;
  6. müvafiq vəsaitlərin təyinatı üzrə istifadə edilməsini həyata keçirmək;
  7. aktiv, öhdəlik, kapital, gəlir və xərclərin uçotunun həyata keçirilməsini təmin etmək.

Hüquqlar

Baş mühasib və ya mühasibat uçotu xidmətinin rəhbərinin hüquqları aşağıdakılardan ibarətdir:

  • mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi zamanı bütün mühasibat sənədlərini (bank sənədləri, kassa mədaxil və məxaric orderləri, ödəniş üçün kassaya təqdim edilən əmək haqqı üzrə ödəniş cədvəlləri və digər mühasibat sənədləri) ikinci imza etmək hüququna malikdir;
  • ayrı-ayrı mühasibat uçotu subyektinin tərkibinə daxil olan bölmələrdən, həmçinin mərkəzi mühasibatlıq tərəfindən xidmət olunan mühasibat uçotu subyektlərindən mühasibat uçotu və nəzarət üçün lazımi sənədləri vaxtında mühasibatlığa (mərkəzi mühasibatlığa) təhvil verilməsini tələb edir.

Vəzifələr

Baş mühasibin və ya baş mühasib olmadıqda xüsusi sərəncamla imza etmək səlahiyyəti verilmiş mühasibatlıq işçisinin imzası olmayan sənədlər etibarsız hesab edilir və icra üçün qəbul edilmir.

Baş mühasib və ya mühasibat uçotu xidmətinin rəhbəri aşağıdakı vəzifələri həyata keçirir:

  • mühasibat uçotunun aparılmasına və maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsinə rəhbərlik edir və öz sisteminə daxil olan qurumların (idarələrin, şöbələrin) mühasibat uçotu xidmətinin icrasını təmin edir;
  • hər bir işçinin öz vəzifələrini bilməsi üçün mühasibatlığın işçilərinin xidməti vəzifələrini müəyyən edir;
  • mühasibatlıqda və mərkəzi mühasibatlıqda işçilər arasında xidməti vəzifələrin bölgüsü zamanı işin həcmindən və funksional əlamətlərindən asılı olaraq müvafiq işçi qruplarının yaradılmasını təşkil edir. Bu qruplar mühasibat uçotu subyektinin mühasibat uçotunun əməliyyatları üzrə bütün ilkin sənədləşmələrin tərtibini, maddi məsul şəxslərdə olan maddi qiymətlilərin uçotunun aparılmasını və vəzifələrin bölgüsü zamanı nəzərdə tutulmuş digər işlərin yerinə yetirilməsini təmin edir;
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16 iyul 2013-cü il tarixli Q-17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları"nın tələblərinə uyğun olaraq inventarizasiyanın aparılmasını təmin edir;
  • sənədlərlə işləyən dövrdə onların qorunub saxlanılmasının təmin edilməsinə və vaxtında arxivə verilməsinə məsuliyyət daşıyır;
  • kassa kitabının düzgün tərtib edilməsinə və kassa əməliyyatlarının aparılmasına nəzarət edir.


Yazı sonuncu dəfə 2018-08-26 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!