Torpaq, tikili və avadanlıqlar - tərifi

Torpaq, tikili və avadanlıqlar dövriyyədən kənar maddi aktivlər olaraq, müəssisə tərəfindən aşağıdakı məqsədlər üçün istifadə olunur:

  1. istehsalda və ya mal-materialların çatdırılması və ya xidmətlərin göstərilməsində istifadə edilməsi; və ya
  2. digər tərəflərə icarəyə verilməsi; və ya
  3. inzibati məqsədlər üçün saxlanılması.

Torpaq, tikili və avadanlıqlar obyekti Maliyyə Hesabatlarının hazırlanması və təqdim olunması üzrə Konseptual Əsaslarına uyğun olaraq yalnız aşağıdakı şərtləri təmin etdikdə, aktiv kimi tanınmalıdır:

  1. həmin obyektlə bağlı gələcək iqtisadi səmərənin müəssisəyə axını ehtimal edildikdə; və
  2. obyektin dəyəri etibarlı əsasla qiymətləndirilə bildikdə.

Torpaq, tikili və avadanlıq kimi tanınmamalıdır:

  • istehsalçı-müəssisənin ambarlarında hazır məhsul kimi uçotda olan maşın, avadanlıq və analoji aktivlər;
  • bir hesabat dövründən az istifadə edilə bilən ehtiyat hissələri və xidmət avadanlıqları;
  • torpaq, tikili və avadanlıq şəklində qoyulan kapital və maliyyə qoyuluşları;
  • icarəyə verməklə gəlir əldə etmək üçün və ya gələcəkdə daha yüksək qiymətə satmaq üçün aldığı torpaq, tikili və avadanlıqlar investisiya mülkiyyəti hesab edilir, və 121 N-li "İnvestisiya mülkiyyətinin dəyəri" hesabında uçota alınır.

İki və ya daha çox müəssisənin mülkiyyətində olan torpaq, tikili və avadanlıqlar hər bir müəssisənin balansında ona düşən pay miqdarına uyğun olaraq əks olunur.

Torpaq, tikili və avadanlıqlar sinfi – müəssisənin fəaliyyətində istifadə edilən və mahiyyətcə eyni olan aktivlərin növlər üzrə qruplaşdırılmasıdır. Tikilməkdə və ya hazırlanmaqda olan hər hansı torpaq, tikili və avadanlıqlar obyekti, tikinti və hazırlanma işləri başa çatanadək aşağıda qeyd olunan kateqoriyalardan birinə daxil edilməlidir:

  • Torpaq;
  • Tikili və avadanlıqlar;
  • Nəqliyyat vasitələri;
  • Sair torpaq, tikili və avadanlıqlar;;
  • Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər;.
Torpaq kateqoriyası torpaq, meşə, su sahələri və faydalı qazıntı hövzələri kimi siniflərə bölünür.

Tikili və avadanlıqlar kateqoriyası

  • binalar və onların struktur komponentləri,
  • qurğular (tikililər) və onların struktur komponentləri,
  • ötürücü qurğular və onların struktur komponentləri,
  • istehsal və xidmət prosesində iştirak edən bütün növ maşın və avadanlıqlar kimi siniflərə bölünür.

Nəqliyyat vasitələri kateqoriyası hava nəqliyyatı vasitələri, dəmiryol nəqliyyatı vasitələri, su nəqliyyatı vasitələri, xidmət nəqliyyatları, istehsalat nəqliyyatları, avtomobil nəqliyyatları, idman nəqliyyatları kimi siniflərə bölünə bilər.

Sair torpaq, tikili və avadanlıqlar kateqoriyası təsərrüfat inventarları sinfindən ibarətdir.

Təsərrüfat inventarları sinfinə iş vaxtı fəaliyyətin asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan ümumi və texniki təyinatlı predmetlər (mebel dəstləri, masalar, kreslolar, kürsülər, dolablar, şkaflar, stellajlar, dəmir seyflər, partalar, daşınan sədlər, asılqanlar, qarderoblar, divanlar, yanmayan şkaflar və yeşiklər, inventar taraları, daşınan çadırlar, çarpayılar, xalçalar, portyerlər), əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqlar (hidropultlar, stenderlər, əl nərdivanları, maye və dənəvər şeylərin saxlanması üçün xüsusiləşdirilmiş qablar) və bu kimi başqa təsərrüfat inventarları aiddir.

Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırıllmış məsrəflər kateqoriyası torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış məsrəflər, tikili üzrə kapitallaşdırılmış məsrəflər, avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər sinfindən ibarət ola bilər.

Vergi uçotu

Vergi uçotunda tikili və avadanlıqlar əsas vəsaitlər kimi tərif olunur. Belə ki, AR Vergi Məcəlləsinin 13.2.17 Maddəsinə əsasən

Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan və amortizasiya edilməli olan maddi aktivlərdir.

AR Vergi Məcəlləsinə görə amortizasiya olunan əsas vəsaitlər aşağıdakı kateqoriyalara ayrılır:

  • binalar, tikintilər və qurğular
  • maşınlar və avadanlıq;
  • yüksək texnologiyalar məhsulu olan hesablama texnikası
  • nəqliyyat vasitələri
  • digər əsas vəsaitlər


Yazı sonuncu dəfə 2019-11-16 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!