Satışdan gəlirlərin uçotu

Malların satışından əldə olunan gəlir aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə tanınır:

  1. müəssisə malların mülkiyyət hüququ ilə bağlı risklərin və mükafatların əhəmiyyətli dərəcəsini alıcıya ötürdükdə;
  2. müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;
  3. gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
  4. əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimal olunduqda;
  5. əməliyyat ilə bağlı keçmiş və gələcək xərcləri etibarlı əsasda qiymətləndirmək mümkün olduqda.

Aşağıda göstərilən bütün şərtlər yerinə yetirildiyi təqdirdə, xidmətin göstərilməsi ilə bağlı əməliyyatın nəticəsi etibarlı əsasla qiymətləndirilə bilər:

  1. gəlirin məbləğini etibarlı əsasla qiymətləndirmək mümkün olduqda;
  2. əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimal olunduqda;
  3. əməliyyatın yekunlaşma mərhələsinin hesabat tarixində etibarlı əsasla qiymətləndirilməsi mümkün olduqda;
  4. əməliyyat ilə bağlı çəkilmiş və bu əməliyyatın yekunlaşdırılması üçün zəruri olan çəkiləcək məsrəflərin etibarlı əsasla qiymətləndirilməsi mümkün olduqda

Malların satışı, xidmətlərin və işlərin görülməsi ilə bağlı xərclər aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə tanınır:

  1. xərclər müvafiq müqavilə və ya qanunvericilik əsasında çəkilib;
  2. xərcin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
  3. əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisədən çıxması ehtimal olunduqda;

Əsas əməliyyat gəlirlərinin uçotu

601 №li "Satış" hesabında mühasibat uçotu subyektinin əməliyyat fəaliyyətinin həyata keçirilməsi zamanı malların satışı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə gəlir, tikinti müqavilələri üzrə gəlir, royalti gəliri, əməliyyat icarəsi üzrə gəlir və digər əməliyyat gəliri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

601 №li "Satış" hesabı üzrə aşağıdakı subhesablar açılır:

  • 601-1 №li "Malların satışı";
  • 601-2 №li "Xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə gəlir";
  • 601-3 №li "Tikinti müqavilələri üzrə gəlir";
  • 601-4 №li "Royalti gəliri";
  • 601-5 №li "Əməliyyat icarəsi üzrə gəlir";
  • 601-6 №li "Digər əsas əməliyyat gəliri".

601-1 №li "Malların satışı" subhesabında mühasibat uçotu subyektinin adi əməliyyat fəaliyyəti zamanı malların satışından əldə edilən gəlirinin dəyəri əks etdirilir.

601-2 "Xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə gəlir" subhesabında mühasibat uçotu subyektinin adi əməliyyat fəaliyyəti zamanı xidmətlərin göstərilməsindən əldə edilən gəlirin dəyəri əks etdirilir.

601-3 №li "Tikinti müqavilələri üzrə gəlir" subhesabında mühasibat uçotu subyektinin adi əməliyyat fəaliyyəti zamanı tikinti müqavilələri üzrə işlərin görülməsindən əldə edilən gəlirinin dəyəri əks etdirilir.

601-4 №li "Royalti gəliri" subhesabında mühasibat uçotu subyektinin adi əməliyyat fəaliyyəti zamanı əqli mülkiyyət hüququ ilə bağlı verilən lisenziya müqabilində satışa, yaxud əqli mülkiyyətdən istifadəyə əsaslanan royaltidən əldə edilən gəlirinin dəyəri əks etdirilir.

601-5 №li "Əməliyyat icarəsi üzrə gəlir" subhesabında mühasibat uçotu subyektinin adi əməliyyat fəaliyyəti zamanı əməliyyat icarəsindən əldə edilən gəlirinin dəyəri əks etdirilir.

601-6 №li "Digər əsas əməliyyat gəliri" subhesabında mühasibat uçotu subyektinin adi əməliyyat fəaliyyəti zamanı 601-1–601-5 №li subhesablarında əhatə olunmayan gəlirinin dəyəri əks etdirilir.

Malların təqdim edilməsinin, xidmətlərin göstərilməsinin, işlərin görülməsinin, royalti gəlirinin, əməliyyat icarəsi üzrə gəlirin və digər əməliyyat gəlirinin dəyərinə 171, 172, 173, 174, 175, 177, 211, 212, 213, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 601 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Malların təqdim edilməsinin, xidmətlərin göstərilməsinin, işlərin görülməsinin, royalti gəlirinin, əməliyyat icarəsi üzrə gəlirin və digər əməliyyat gəlirinin dəyərinə görə hesablanılmış əlavə dəyər vergisinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Malların təqdim edilməsinin, xidmətlərin göstərilməsinin, işlərin görülməsinin, royalti gəlirinin, əməliyyat icarəsi üzrə gəlirin və digər əməliyyat gəlirinin dəyəri mühasibat uçotu subyektinə ödənildikdə 221, 222, 223, 224, 225 №li hesabların müvafiq subhesablarının debeti və 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Gələcək hesabat dövrlərinin gəlirləri qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa olaraq gəlir kimi tanındıqda 442 №li hesabın müvafiq subhesablarının debeti və 601 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Qısamüddətli kimi təsnifləşdirilən gələcək hesabat dövrünün gəlirləri gəlir kimi tanındıqda 542 №li hesabın müvafiq subhesablarının debeti və 601 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Malların təqdim edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, royalti gəliri və əməliyyat icarəsi üzrə gəlirlər, habelə digər əsas əməliyyat gəliri 601 №li hesabın müvafiq subhesablarının debetində və 801 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Malların təqdim edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, royalti və əməliyyat icarəsi üzrə, habelə digər əməliyyat gəliri üzrə hesablanmış xərclərə 801 №li hesabın müvafiq subhesablarının debeti və 701 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Yazı sonuncu dəfə 2018-07-19 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!