Malların ixracıMalların ixracı — gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılmasıdır. İxrac zamanı, AR Gömrük Məcəlləsində mallar aşağıdakı kimi tərif edilir: Mallar – gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən nəqliyyat vasitələri (istisnadır: sərnişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı). Malların təkrar ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları sayılan malları idxal etmiş şəxsin həmin malları idxal edəndən sonra təqdim etmədən və idxal olunduğu andakı vəziyyətdə ixrac etməsidir. Malların ixracı ƏDV-nə cəlb edilən əməliyyatdır. Lakin, ixrac əməliyyatları 0% ilə vergiyə cəlb olunur. İxracda uçot İxrac əməliyyatıarının uçotu satış əməliyyatı kimi nəzərə alınır. Gəlin misala baxaq:
Misal.
Funduk MMC-nin fındıq bağları var və yığdığı məhsulu İtaliyaya, Rusiya və Almaniyaya ixrac edir. Funduk MMC 22.07.2018 tarixində 700 000 Avro dəyərində olan fındıq məhsulunun satışı ilə bağlı İtalıya şirkəti ilə müqavilə bağlamışdır. Mallar İtaliya şirkətinə 03.08.2018 tarixində çatdırılmışdır. İtaliya şirkətindən ödəniş 25.08.2018 tarixində daxil olmuşdur. Satış ilə bağlı xərclər 4 000 AZN təşkil etmişdir
İxracda hesablaşmalar Hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, AR Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə AR Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir. Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Palataya ötürürlər. Maliyyə Bazarlarına Nəzarət Palatası müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir. AR Dövlət Gömrük Komitəsi və Maliyyə Bazarlarına Nəzarət Palatası idxal-ixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər. Vergi uçotu ƏDV ödəyicisinin xarici dövlətə mallarının ixracı ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur. Sıfır (0) dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar ƏDV cəlb olunan əməliyyatlar hesab edilir və bu səbəbdən də respublika daxilində alınmış və ya xaricdən idxal olunmuş mallara görə ödənilən ƏDV məbləği Vergi Məcəlləsinin 175-ci maddəsinin digər tələblər nəzərə alınmaqla mallar alınan və ya idxal edilən dövrdə əvəzləşdirilə bilər. Bundan başqa, aksizli malların ixracı 0 (sıfır) dərəcəsi ilə vergiyə cəlb olunur. Eyni zamanda ixrac olunan malların təqdim edilməsindən əldə edilən gəlir gəlir (mənfəət) vergisinin məqsədləri üçün vergitutma obyektini təşkil edir. "Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" AR Prezidentinin 1 mart 2016-cı il tarixli Fərmanına əsasən qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac gömrük bəyannaməsində nəzərdə tutulan dəyərin 3 (üç) faiz baza olmaqla (məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə əmsallar tətbiq edilməklə) ixrac təşviqinin ödənilməsi nəzərdə tutulmuşdur.
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi. Maddələr: 13.2.29, 165.1.3, 175 AR Gömrük Məcəlləsi. Maddələr: 1.0.34, 1.0.42 Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydaları Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi Qaydaları. AR Prezidentinin Fərmanı Yazı sonuncu dəfə 2018-12-18 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!