Kassanın inventarizasiyası

Kassanın inventarizasiyası "Aktivlərin və öhdəliklərin inventarizasiyası" Qaydalarına əsasən aparılır. İnventarizasiya zamanı kassada olan pul vəsaitlərin mövcudluğu və kassada olan pul vəsaitlərinin mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi yoxlanılmalıdır.

İnventarizasiyanın məqsədi pul vəsaitlərinin saxlanmasının təhlükəsizliyinin, sənədləşmənin düzgün aparılmasının, faktiki kassa qalığının kassa kitabında qalıq ilə bərabər olmasının yoxlanılmasıdır.

İnventarizasiyanın aparılması aşağıdakı hallarda məcburidir:

  • Xəzinadar dəyişdikdə və ya məzuniyyətə getdikdə;
  • Oğurluq və ya sui-istiadə halları müəyyən edildikdə;
İnventarizasiyanın aparılması məcburi olan hallardan başqa hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixlıri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq aktivlərin və öhdəliklərin siyahı mühasibat uçotu subyektinin rəhbərliyi tərəfindən müəyyən edilir.

İnventarizasiya kassa kitabındakı qalığın faktiki kassa qalığı ilə yoxlanılmasından başlanır. Əgər faktiki qalıq məbləği kassa kitabındakı məbləğdən çoxdursa, deməli kassada artıq pul var, o zaman, artıq kassa qalığı müəssisənin sair gəlirləri kimi tanınır. Əks halda, kassada pul çatışmamazlığı olarsa, o zaman, kassadakı çatışmamazlıq xəzinadardan tutulur.

Əmlakın inventarizasiyası zamanı uçot məlumatlarından kənarlaşma hallarını müəyyən etmək üçün müqayisə cədvəlləri tərtib edilir.

İnventarizasiya cədvəllərində inventarizasiyanın nəticələri, yəni mühasibat uçotu məlumatları ilə faktiki inventarizasiya məlumatları arasındakı ziddiyyətlər (fərq) göstərilir.

İnventarizasiya qurtardıqdan sonra inventarlaşma komissiyasi müəssisə (təşkilat) rəhbəri tərəfindən qəbul edilən qərar və verilən təklif qeyd edilməklə protokol tərtib olunur. Bundan sonra inventarizasiya və uçot məlumatları arasında müəyyən edilmiş fərqin tənzimlənməsi qaydası müəyyən olunur.

İnventarizasiyanın nəticəsi onun aparılmasından sonra 10-gün ərzində uçotda əks etdirilməlidir.

Artıq gəlmə kimi müəyyən olunmuş pul vəsaitləri mədaxil edilməli və onların baş verməsində günahkar olan şəxslər təyin edilməklə müəssisə və təşkilatın maliyyə nəticəsinə aid edilməlidir. Bu zaman aşağıdakı mühasibat yazılışı aparılmalıdır:

N Əməliyyatın məzmunu Debet Kredit
1 Artıq gəlmə kimi müəyyən olunmuş pul vəsaitləri 221 "Kassa" 611 "Sair əməliyyat gəlirləri"
2 Pul vəsaitlərinin əskik gəlməsi. 801 "Ümumi mənfəət (zərər)" 221 "Kassa"
3 Pul vəsaitlərinin əskik gəlməsi xəzinadarın əmək haqqısınndan tutulur. 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 801 "Ümumi mənfəət (zərər)"


Yazı sonuncu dəfə 2017-06-17 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!