NKA istifadəsi ilə nəğd hesablaşmalar

Gün ərzində kassir alıcılardan pul gəbul edib, məbləği kassaya vurur və kassa aparatında çap edilən çeki alıcılara təqdim edir.

NKA tətbiq edən vergi ödəyiciləri bir sıra tələblərə əməl etməlidirlər:

  • əhali ilə nağd pul hesablaşmaları NKA istifadə etməklə aparılmalıdır;
  • obyektində quraşdırılmış NKA-nın yaddaşına malın (işin, xidmətin) adı, ölçü vahidi, miqdarı və bir vahidinin qiyməti daxil edilməlidir;
  • alınmış mallar, görülmüş işlər və göstərilmiş xidmətlər müqabilində alıcılara (sifarişçilərə) müvafiq məlumatları özündə əks etdirən kassa çeki təqdim edilməlidir;
  • alıcıya təqdim edilən çeklərdə şağıdakı məlumatlar əks etdirilməlidir:
    • vergi ödəyicisinin adı, VÖEN-i;
    • çekin vurulma tarixi və saatı;
    • təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
    • malın (işin, xidmətin) adı, ölçü vahidi; miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ;
    • gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
    • NKA-nın markası və zavod nömrəsi;
    • nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti);
    • malın sürətli məlumat kodu (Quick Response Code).
    Bu məlumatlar olmasa, həmin NKA-nın və ya çekin saxta olması ehtimalı yüksəkdir;
  • alıcı kassa çeki ilə yanaşı malın (işin, xidmətin) qaimə-fakturasını tələb etdikdə, satıcı kassa çeki ilə birlikdə həmin sənədləri də alıcıya təqdim etməli;
  • pos-terminal quraşdırılması məqsədəmüvafiq hesab edilən obyektlərdə POS-terminal quraşdırmalıdır (POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır).

İş gününün sonunda kassir NKA-dan gün ərzində gəlirin məbləğini göstərən Z-hesabat çıxardır.

Nəzarət-kassa aparatlarının istehlakçısı Azərbaycan Respublikasının mövcud qanunları ilə aşağıdakılar üçün cavabdehdir:

  • Əhali ilə pul hesablaşmasını apararkən NKA-dan istifadə etmədikdə və ya alıcıya çek vermədikdə;
  • Vergi orqanlarında qeydiyyatda olmayan NKA-dan istifadə etdikdə;
  • Nasaz, o cümlədən plombu zədələnmiş və ya təchizatçının və ya STXM-in plombu olmayan NKA-dan istifadə etdikdə;
  • NKA-nın servis texniki xidməti və təmiri üçün STXM-dən başqa istənilən müəssisə və ya fiziki şəxsin xidmətindən istifadə etdikdə;
  • NKA-nın plombunun bütövlüyü pozulduqda və istehlakçının qərəzli hərəkəti nəticəsində NKA və elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti sıradan çıxdıqda. Bu halda elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin bərpası və ya dəyişdirilməsi istehlakçının vəsaiti hesabına həyata keçirilir.

İstismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda

İstismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının Vergilər Nazirliyinin 01.04.15-ci il tarixli əmri ilə təsdiq edilmiş "İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası"-na uyğun olaraq aparılmalıdır.

Qaydalara görə NKA-nın istismarı zamanı, plombun pozulması da daxil olmaqla, istənilən nasazlıq yarandıqda vergi ödəyicisi tərəfindən bu barədə təcili Servis Texniki Xidmət Mərkəzinə sifariş (çağırış) verilir. Servis Texniki Xidmət Mərkəzinə verilmiş sifariş haqqında vergi ödəyicisi və ya onun bu işə məsul etdiyi şəxs tərəfindən "Nəzarət-kassa aparatına texniki xidmət kitabı"nda müvafiq qeydlər aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır və Servis Texniki Xidmət Mərkəzinin rəhbəri (rəhbərin müavini) tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

NKA-dan istifadə edilməsi müvəqqəti olaraq (nasazlıq aradan qaldırılana və ya elektrik enerjisi ilə təchizat bərpa edilənə qədər) dayandırıldığı müddətdə vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektdə həyata keçirilən nağd pul hesablaşmalarının qeydiyyatı "Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı"nda vergi ödəyicisi tərəfindən aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır və Servis Texniki Xidmət Mərkəzinin rəhbəri (rəhbərin müavini) tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

Nağd pul hesablaşmalarının qeydiyyatı "Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı"nda aparılan zaman, vergi ödəyicisi tərəfindən hər bir müştəridən (alıcıdan, sifarişçidən) alınmış nağd pul vəsaiti kitabın ayrıca sətrində yazılmaqla uçota alınır. Bu zaman, qeydiyyatın aparıldığı sətirdə nağd pul məbləğinin alındığı tarix, vaxt (saat, dəqiqə), NKA-nın işləməməsinin səbəbi, satılmış malın (görülmüş işin, göstərilmiş xidmətin) adı, ölçü vahidi, bir vahidinin qiyməti, sayı (miqdarı) və dəyəri (manat, qəpik) mütləq göstərilir.

NKA-nın təmirinin başa çatması və aparatın vergi ödəyicisinə təhvil verilməsinə dair Servis Texniki Xidmət Mərkəzinin nümayəndəsi tərəfindən "Nəzarət-kassa aparatına texniki xidmət kitabı"nda müvafiq qeydlər aparıldıqdan və ya elektrik enerjisi ilə təchizat bərpa edildikdən dərhal sonra, vergi ödəyicisi tərəfindən "Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı"nda uçota alınmış nağd pul vəsaitlərinin məbləği malların çeşidi (görülmüş işlərin, göstərilmiş xidmətlərin növü) üzrə toplanaraq çeşidlər (növlər) üzrə cəmi məbləğ, habelə həmin kitabda uçota alınmış mal-material dəyərliləri ayrı-ayrılıqda hər bir mal çeşidi üzrə NKA-nın yaddaşına bərpa edilir.

"Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı"nda kitabdan istifadənin başa çatma tarixi və vaxtı qeyd olunan sətirdə müvafiq "dəyəri" sütunlarında NKA-ya bərpa edilən yekun məbləğlər göstərilir. Bu zaman bərpa çeklərinin kitabın qeyd sütununda yapışdırılması təmin edilir.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə məsuliyyət

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə AR Vergi Məcəlləsinin 58.7-ci maddəsində göstərilən qaydada maliyyə sanksiyası tətbiq olunur.

Belə ki, topdansatış ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə)pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə, əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat məbləğində;
  • təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3 000 manat məbləğində;
  • təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.


Yazı sonuncu dəfə 2020-01-11 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!