Cinayət məsuliyyəti

Cinayət məsuliyyətinə müəssisədə mühasibat uçotunu aparmağa görə qanunun tələblərini pozan şəxslər adətən AR Cinayət Məcəlləsinin aşağıdakı maddələrinə görə cəlb edilə bilər:

Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma

AR Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən:

Maddə 213. Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma

213.1. Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma –

cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

213.3. Bu Məcəllənin 213.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə —
3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 mislindən 5 mislinədək miqdarda cərimə və ya 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd:
1. Bu maddədə "xeyli miqdar" dedikdə, 20 000 manatdan yuxarı, lakin 100 000 manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə 100 000 manatdan yuxarı, lakin 500 000 min manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə 500 000 min manatdan yuxarı olan məbləğ başa düşülür.

Cinayət Məcəlləsinin 213-cü maddəsindən göründüyü kimi maddədə birbaşa baş mühasibin və ya mühasibin bu məsuliyyətə cəlb edilməsi qeyd edilməyib. Burada bilmək lazımdır ki, vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə məsuliyyətə bu ödəmələri hesablayan və ödəməli olan şəxslər nəzərdə tutulur. Burada cinayət məsuliyyətinə müəssisədə rəsmi olaraq calışan baş mühasibdən başqa, müəssisədə vergi uçotunu faktiki olaraq aparan və bəyannamaləri vergi orqanlarına təqdim edən adı mühasib və vergilərin hesablanması ilə bağlı qərarlar verən maliyyə meneceri, maliyyə direktoru, məsləhətçi, müəssisə rəhbəri də cəlb edilə bilər.

Bu səbəbdən də, vergi bəyannamasində bilə-bilə yalan məlumatlar göstərən, bu cür tapşırıqları vermən, bu tapşırıqları icra edən şəxslər cinayət məsuliyyəti daşıyırlar. Belə olduqda bu cinayətin törədilməsində cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Belə ki, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Cinayətin iştirakçıları aşağıdakılar sayılırlar:

İcraçı - cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs;

Təşkilatçı - cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs;

Təhrikçi - ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs;

Köməkçi - cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs.

AR Konstitusiya Məhkəməsinin 8 aprel 2002-ci il tarixli qərarına əsasən AR Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, AR Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır.

Belə ki, AR Vergi Məcəlləsinin 56-ci maddəsin əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

AR Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən isə, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:

  • böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;
  • az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə;
  • ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;
  • xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.
Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.

Gömrük ödənişlərinin ödənilməsindən yayınma

AR Cinayət Məcəlləsinin 209-cu maddəsinə əsasən:

Maddə 209. Gömrük ödənişlərinin ödənilməsindən yayınma

209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma -

cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:

209.2.1. təkrar törədildikdə;
209.2.2. külli miqdarda törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

209.3. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın 4 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

Bu maddədə "xeyli miqdar" dedikdə, ödənilməmiş gömrük ödənişlərinin 20 000 manatdan yuxarı, lakin 100 000 manatdan artıq olmayan məbləği, "külli miqdar" dedikdə 100 000 manatdan yuxarı, lakin 500 000 min manatdan artıq olmayan məbləği, "xüsusilə külli miqdar" dedikdə 500 000 min manatdan yuxarı olan məbləği başa düşülür.

Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma

AR Cinayət Məcəlləsinin 202-ci maddəsinə əsasən:

Maddə 202. Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma

202.1. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə -

min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

202.2. Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan vurmaqla törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İşçini istehsal, kommersiya və ya dövlət sirrinin yayılmasna görə işdən azad etməkdən öncə, müəyyən edilməlidir ki müəssisədə konfidensial sayılan məlumatların qorunması üçün bütün tədbirlər görübmü.

Bundan başqa, "Mühasibat uçotu haqqında" AR Qanunun 15.1-ci maddəsinə əsasən: "Mühasibat uçotu sənədlərində kommersiya sirri hesab edilən məlumat olduqda, bu məlumatların açıqlanması "Kommersiya sirri haqqında" AR Qanununa uyğun həyata keçirilir".

Kommersiya sirri haqqında AR Qanununa görə:

Kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar.

İlk növbədə müəssisədə "Kommersiya sirrinin qorunması" haqqında əsasnamə hazırlanıb təsdiq edilməlidir. Bu sənəd ilə bütün işçilər tanış olmalıdırlar. Bu əsasnamədə əsasən aşağıdakılar əks olunmalıdır:

  • kommersiya sirrini təşkil edən məlumatlar siyahısı;
  • kommersiya sirrinə buraxılışı olan işçilərin siyahısı;
  • kommersiya sirrinə buraxılış qaydaları;
  • kommersiya sirrini təşkil edən məlumatlar ilə işləmə qaydaları;
  • kommersiya sirrini təşkil edən məlumatların saxlanılması qaydaları;
  • kommersiya sirrinin yayılmasına görə məsuliyyət.
Qaydaların hazırlanıb təsdiq edilməsindən əlavə kommersiya sirrini təşkil edən məlumatların qorunması üçün müəssisə tərəfindən müvafiq şərait yaradılmalıdır. Konfidensial məlumat daşıyan məlumat daşıyıcıları seyflərdə saxlanılmalı, kompüterlərə və kompüter şəbəkəsinə daxil olma yalnız şəxsi login və parol ilə olmalıdır, və s.

İstehsal sirrininin yayılmaması barədə öhdəliyi birbaşa əmək müqaviləsində, və ya işçinin vəzifə təlimatlarında qeyd etmək olar. Burada "Kommersiya sirrinin qorunması Əsasnaməsində" göstərilən konfidensial xarakterli məlumatlardan müqavilələrin məzmunu, texnoloji prosesin qizli məlumatları, elmi-texniki sahədə əqli mülkiyyət işçi tərəfindən yayıla bilməz. Misal üçün, belə məlumatlar aşağıdakı kimi ola bilər:

  • biznes-planlar, maliyyə riskləri və proqnozları özündə əks etdirən sənədlər;
  • müqavilələr, razılaşmalar, və onların yerinə yetirilməsi barədə məlumatlar;
  • istehsalın texnoloji prosesləri;
  • malların və məhsulların satışı ilə bağlı hesabatlar;
  • maliyyələşmə mənbələri və məliyyələşmənin həcmi;
  • müəssisədaxili mühasibatlıq hesabatları;
  • işgüzar məktublaşmalar.

Kommersiya sirri olan məlumatlara izni olan işçilərə bir çoxlarını aid etmək olar: katibələr, baş mühasiblər, mühasiblər, kadrlar şöbəsinin rəhbərləri, mühəndislər və proqramçılar, satış menecerləri və s.

Əgər işçi kommersiya sirri daşıyan məlumat yayıbsa, müqavilələrin, hesabatların və sair sənədlərin məzmunu kommersiya sirri daşıdığını sübut etmək öhdəliyi, işəgötürənin üzərinə düşür. Dəqiq sübutlar yoxdursa, məhkəmə məsələni müəssisənin xeyrinə həll etməyə bilər. Müəssisədə məxfi məlumatların qorunması təşkil edilməyibsə, məhkəmə işçinin məlumatları qanunsuz əldə edilməsi barədə əsasın olmadığı barədə qərar gəbul edə bilər.

Onu da qeyd edtmək lazımdır ki, baş mühasib və mühasib AR Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə də cinayətin iştirakçısı kimi cinayət məsuliyyətinə cəlb edilə bilər:

  • Maddə 192. Qanunsuz sahibkarlıq
  • Maddə 192-1. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi
  • Maddə 193. Yalançı sahibkarlıq
  • Maddə 193-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma
  • Maddə 202. Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma
  • digər maddələr.


Yazı sonuncu dəfə 2018-09-09 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!