102 Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri

Aktivin amortizasiya olunan məbləğinin onun faydalı istifadə müddəti üzrə ardıcıl olaraq bölüşdürülməsi üçün müxtəlif amortizasiya metodlarından istifadə edilə bilər. Belə metodlara düzxət metodu, azalan balans metodu və istehsal vahidi metodu aiddir. Tətbiq edilən amortizasiya metodu aktivdə təcəssüm olunmuş (özünü tapmış) gözlənilən gələcək iqtisadi səmərənin ehtimal olunan istehlak sxeminə uyğun olaraq seçilir və iqtisadi səmərənin ehtimal olunan istehlak sxemi dəyişməyənədək, ardıcıl olaraq dövrdən dövrə tətbiq edilir. Ehtimal olunan istehlak sxemi etibarlı əsasla müəyyən edilmədikdə, müəssisə düzxət metodunu tətbiq etməlidir.

Mühasibat uçotunun hesablar planının 102-ci hesabında müəyyən faydalı istifadə müddətinə malik olan aktivlərin amortizasiyası təqdim olunur. Bu aktivlərə göstərilən müddəti ərzində müəssisənin uçot siyasətinə əsasən qəbul etdiyi hesablama metodikasına uyğun olaraq amortizasiya hesablanır. Müəyyən faydalı istifadə müddətinə malik olmayan qeyri-maddi aktivlər isə amortizasiya edilməməklə, onların faydalı istifadə müddəti hər il yenidən qiymətləndirilməlidir. Belə ki, 19 №-li Milli Mühasibat Uçotu Standartına əsasən qudvilin müəyyən faydalı istifadə müddətinə malik olmayan qeyri-maddi aktiv olduğunu nəzərə alaraq o amortizasiya edilmir. Eyni zamanda, 24 №-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq həmin aktivin hər il yenidən qiymətləndirilməsi tələb edilir.

102 №li "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" hesabı üzrə aşağıdakı subhesablar açılır:

  • 102-1 №li “Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya”;
  • 102-2 №li “Qeyri-maddi aktivlər üzrə qiymətdən düşmə zərərləri”.

102-1 №li “Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya” subhesabı üzrə aşağıdakı subhesablar açılır:

  • 102-1-1 №li “Təcrübə-konstruktor işləri üzrə yığılmış amortizasiya”;
  • 102-1-2 “Ticarət markaları üzrə yığılmış amortizasiya”;
  • 102-1-3 №li “Proqram təminatı üzrə yığılmış amortizasiya”;
  • 102-1-4 №li “Patentlər üzrə yığılmış amortizasiya”;
  • 102-1-5 №li “Müəllif hüquqları üzrə yığılmış amortizasiya”;
  • 102-1-6 №li “Lisenziyalar üzrə yığılmış amortizasiya”;
  • 102-1-7 №li “Digər qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya”.

102-2 №li “Qeyri-maddi aktivlər üzrə qiymətdən düşmə zərərləri” subhesabı üzrə aşağıdakı subhesablar açılır:

  • 102-2-1 №li “Təcrübə-konstruktor işləri üzrə qiymətdən düşmə zərərləri”;
  • 102-2-2 №li “Ticarət markaları üzrə qiymətdən düşmə zərərləri”;
  • 102-2-3 №li “Proqram təminatı üzrə qiymətdən düşmə zərərləri”;
  • 102-2-4 №li “Patentlər üzrə qiymətdən düşmə zərərləri”;
  • 102-2-5 №li “Müəllif hüquqları üzrə qiymətdən düşmə zərərləri”;
  • 102-2-6 №li “Lisenziyalar üzrə qiymətdən düşmə zərərləri”;
  • 102-2-7 №li “Qudvilin qiymətdən düşmə zərərləri”;
  • 102-2-8 №li “Digər qeyri-maddi aktivlər üzrə qiymətdən düşmə zərərləri”.
N Əməliyyatın məzmunu Debet Kredit
1 Qeyri-maddi aktivlərin amortizasiyası
1.1 Qeyri-maddi aktivlərin amortizasiyası xərclərə silinir 202 "İstehsalat xərcləri" 102 "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri"
2 Qeyri-maddi aktivin qiymətdəndüşmə zərəri
2.1 Qeyri-maddi aktivin qiymətdəndüşmə zərəri əks olunur 731 "Sair əməliyyat xərcləri" 102 "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri"


Yazı sonuncu dəfə 2018-05-07 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!