232 Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar

Əvvəllər ödənişə qədər saxlanılan investisiyalar kimi təsnifləşdirilən maliyyə investisiyaların ödəniş müddəti hesabat tarixindən sonra 12 ay ərzində olan dövrə daxil olduqda, belə investisiyalar 181-ci hesabdan (Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar) 232-ci hesaba (Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar) köçürülməlidirlər.

36 N-li "Maliyyə alətləri: tanınma və qiymətləndirmə" üzrə Milli Mühasibat Uçotu Standartına əsasən:

Ödəniş müddətinə qədər saxlanılan investisiyalar, aşağıdakılar istisna olmaqla, müəssisənin ödəniş müddətinə qədər saxlamağa müsbət niyyəti və imkanı olan, sabit və ya müəyyənləşdirilə bilən ödənişli və sabit ödəmə müddətinə malik qeyri-törəmə maliyyə aktivləridir:

  • ədalətli dəyərdə baş verən dəyişikliyin nəticəsi ilkin tanınma zamanı müəssisə tərəfindən mənfəət və zərər haqqında hesabatda tanınaraq ədalətli dəyərlə müəyyən edilən;
  • müəssisə tərəfindən satıla bilən kimi müəyyən edilən; və
  • kreditlər və debitor borclar anlayışına uyğun gələn.

232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar" hesabının debeti və pul hesablarının krediti üzrə qiymətli kağızların alışı əks olunur.

232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar" hesabının krediti və pul hesablarının debeti üzrə qiymətli kağızlardan əldə edilən faiz gəlirləri və qiymətli kağızların satışı əks olunur.

Misal. Müəssisə 1000 manat dəyəri 1 il müddəti və 5% illik gəliri olan 100 ədəd istiqraz alıb. İlin sonunda istiqraz sahiblərinə faizlər ödənilir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 1 illik istiqrazların əldə edilməsi. 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar" 223 "Bank hesablaşma hesabları" 100 000
2 İstiqrazlar üzrə faiz gəlirlərinin uçota alınması 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 542 "Gələcək hesabat dövrünün gəlirləri" 25 000
3 Fazilərin ödənilməsi 223 "Bank hesablaşma hesabları" 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 5 000
4 Faizlərindən olan gəlirin tanınması 542 "Gələcək hesabat dövrlərin gəlirləri" 631-1 "Faiz gəliri" 5 000
5 İstiqrazın 1 ildən sonra bağlanması 223 "Bank hesablaşma hesabları" 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar" 100 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!