505 Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər(qısamüddətli)

Müəssisə hesabat tarixindən sonra 12 aydan ərzində geri alınacaq imtiyazlı səhmlər buraxdığı zaman, bu səhmlər "Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısamüddətli)" adlı 505 nömrəli hesabda göstərilir.

İmtiyazlı səhm - Emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, sahibinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində divident almasına təminat verən, emitentin ləğvindən sonra onun qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququ, habelə, səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür. İmtiyazlı səhmlər üzrə müəyyən olunmuş divident adi səhmdarlara hər hansı bir ödəmə edilməmişdən əvvəl ödənilir. Yuxarıda sadalanan üstünlüklərinə baxmayaraq, bu cür səhmlər səsvermə hüququna malik olmurlar və mənfəət artanda, adi səhmdarlardan fərqli olaraq, imtiyazlı səhmdarların divident gəlirləri artmır.

Səhmdar cəmiyyət səhmdardan ona məxsus imtiyazlı səhmləri aldığı zaman müxabirləşmə 505 "Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər(qısamüddətli)" hesabının debeti və pul hesablarının krediti üzrə aparılır.

Səhmdar cəmiyyəti tərəfindən alınan imtiyazlı səhmlərin ləğv edilməsi 505 "Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər(qısamüddətli)" hesabın krediti və 301 "Nominal (nizamnamə) kapital" hesabının debiti üzrə aparılır.

Misal. Müəssisə 1 500 ədəd 100 manat dəyərində imtiyazlı səhm buraxıb. Buraxılan imtiyazlı səhmlərin müddəti 1 ildir, və bu müddət bitdikdən sonra müəssisə tərəfindən geri alınacaqlar. İmtiyazlı səhm sahibləri ilin sonunda səhmlərin 5% məbləğində divident alacaqlar.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İmtiyazlı səhmlərin satışı 223 "Bank hesablaşma hesabları" 505 "Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər(qısamüddətli)" 150 000
2 Hesabat dövrü üçün imtiyazlı səhmlərin divident xərcləri uçota alınır. 751-1 "Faiz xərcləri" 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları" 7 500
3 1 ildən sonra imtiyazlı səhmlərin geri alınması. 505 "Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər(qısamüddətli)" 223 "Bank hesablaşma hesabları" 150 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!