503 Qısamüddətli konvertasiya olunan istiqrazlarMüəssisə daha sonra kapitala konvertasiya oluna bilən istiqrazlar (borc kağızları) buraxdığı zaman, konvertasiya hesabat tarixindən sonra 12 ay ərzində həyata keçirildikdə, bu istiqrazlar "Qısamüddətli konvertasiya olunan istiqrazlar" adlı 503 nömrəli hesabda göstərilir. İstiqraz – onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər. Konvertasiya olunan istiqrazlar onların sahiblərinə faiz almaq hüququndan başqa, istiqrazları onları emissiya edən səhmdar cəmiyyətinin başqa qiymətli kağızlarına (misal üçün, səhmlərə) dəyişmək və ya yeni emissiya edilmiş səhmləri almaqda üstünlük hüququ verir. Konvertasiya olunan itiqrazların emissiyası və yerləşdirilməsi ilə bağlı olan qısamüddətli borclar 503 "Qısamüddətli konvertasiya olunan istiqrazlar" hesabında uçota alınır. Əgər istiqraz nominal dəyərindən yüksək qiymətə yerləşdirilibsə (satılıbsa), o zaman, bu əməliyyat 223 "Bank hesablaşma hesabları" hesabının debetində və 503 "Qısamüddətli konvertasiya olunan istiqrazlar" və 442 "Gələcək hesabat dövrlərin gəlirləri" (istiqrazın nominal və satış qiymətindəki fərq məbləğində) hesablarının kreditində əks etdirilir. 442-ci "Gələcək hesabat dövrlərin gəlirləri" hesabında əks etdirilən məbləğ istiqrazların ömrü müddətində bərabər hissələr ilə 611 "Sair əməliyyat gəlirləri" hesaba silinir. Əgər istiqrazlar onların nominal dəyərindən az qiymətə satılıbsa, o zaman, qiymətlərdə olan fərq məbləği bərabər hissələr ilə istiqrazların ömrü müddətində 503 "Qısamüddətli konvertasiya olunan istiqrazlar" hesabından 731 "Sair əməliyyat xərcləri" hesabına silinir. İtiqrazların ödənilməsi 503 "Qısamüddətli konvertasiya olunan istiqrazlar" hesabının debetində və pul hesablarını uçota alan hesabların kreditində əks etdirilir. Misal. Müəssisədə nominal dəyəri 1 000 manat olan, ümumi olaraq 50 000 manat dəyərində, illik 15%-li, 1 illik qısamüddətli konvertasiya olunan istiqrazlar buraxıb. 1 ildən sonra istiqraz sahibləri aldıqları istiqrazları müəssisənin səhmlərinə dəyişə biləcək.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!