731 Sair əməliyyat xərcləri

731 "Sair əməliyyat xərcləri" hesabında müəssisənin əsas əməliyyatlarına aid olmayan və müəssisəyə məxsus qiymətlilərin satışından yaranan xərclər əks edilir.

Bu hesabda əsasən aşağıdakı xərclər əks etdirilə bilər:

  • torpaq, tikili, avadanlıqlarının və digər uzunmüddətli aktivlərinin satışından xərclər,
  • yenidən qiymətləndirilmədən xərclər,
  • qiymətdən düşmə üzrə xərclər,
  • cərimələr və digər oxşar ödənişlər,
  • keçmiş illər üzrə xərclər,
  • şübhəli və ümidsiz borclar üzrə xərclər,
  • aktivlərin dəyərinin azalması üzrə düzəlişlər,
  • məzənnə xərcləri,
  • əvəzsiz olaraq verilmiş aktivlər,
  • göstərilən xərclərə oxşar olan başqa əməliyyat xərcləri.

Sair əməliyyat xərcləri 731 nömrəli hesabın debetində əks etdirilir. Bu hesaba aşağıdakı subhesablar açıla bilər:

  • 731-1 Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin xaricolması üzrə xərclər;
  • 731-2 Yenidən qiymətləndirilmədən xərclər;
  • 731-3 Qiymətdən düşmə üzrə xərclər;
  • 731-4 Cərimələr və digər oxşar ödənişlər;
  • 731-5 Keçmiş illər üzrə xərclər;
  • 731-6 Şübhəli və ümidsiz borclar üzrə xərclər;
  • 731-7 Aktivlərin dəyərinin azalması üzrə düzəlişlər;
  • 731-8 Məzənnə xərcləri;
  • 731-9 Əvəzsiz olaraq verilmiş aktivlər
  • 731-10 Digər əməliyyat xərcləri
Misal.

Müəssisəyə məxsus avadanlıq balans dəyərindən aşağı qiymətə (zərər ilə) satılıb.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Avadanlığın satışı (məbləğ ƏDV daxil) 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 611 "Sair əməliyyat gəlirləri" -
2 Satılan avadanlığa hesablanan ƏDV 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 521 "Vergi öhdəlikləri" -
3 Satılan avadanlığın ilkin dəyəri silinir 731 "Sair əməliyyat xərcləri" 111 "Torpaq, tikili və avadanlıqlar - Dəyər" -
4 Satılan avadanlığın amortizasiyası silinir 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya" 731 "Sair əməliyyat xərcləri" -
5 Avadanlığın satışı ilə bağlı komission xərclər 731 "Sair əməliyyat xərcləri" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" -
6 Satılan avadanlığa görə pul daxil olur 221 "Kassa" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" -
7 Avadanlığın satışı ilə bağlı 731-ci hesabda satışın nəticəsi formalaşır 611 "Sair əməliyyat gəlirləri" 731 "Sair əməliyyat xərcləri" -
8 Avadanlığın satışı ilə bağlı 731-ci hesabda yığılan məbləğ zərərə silinir 801 "Ümumi mənfəət (zərər)" 731 "Sair əməliyyat xərcləri" -


Yazı sonuncu dəfə 2020-02-01 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!