402 İşçilər üçün uzunmüddətli bank kreditləri

402 "İşçilər üçün uzunmüddətli bank kreditləri" hesabı müəssisənin işçilərinə fərdi mənzil tikintisi, bağ evlərinin tikintisi və s. məqsədlərə borc vermək, həmçinin kreditə (nisyə) satılmış mallara görə ticarət təşkilatlarına ödəniləsi məbləğlər üçün müəssisənin aldığı uzunmüddətli (12 aydan çox) bank kreditlərinin vəziyyəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

402 "İşçilər üçün uzunmüddətli bank kreditləri" hesabına kreditin verilmə səbəbindən asılı olaraq aşağıdakı subhesablar açıla bilər:

  • 402-1 "Kreditə (nisyə) satılmış mallara görə";
  • 402-2 "Fərdi mənzil tikintisi";
  • 402-3 "Bağ evlərinin tikintisi";
  • 402-4 "Müqavilə əsasında heyvan və quş yetişdirilməsi";
  • 402-5 "Sair şəxsi ehtiyaclar üçün".

Müəssisənin işçilərinə kreditə (nisyə) satılmış mallara görə hesablaşma sənədləri bank tərəfindən ödənildikdə 402 "İşçilər üçün uzunmüddətli bank kreditləri" hesabının kreditinə, 173 "İşçi heyətinin uzunmüddətli debitor borcları" hesabının debetinə yazılış edilir.

Fərdi mənzil tikintisi, bağ evlərinin tikintisi və s. görə işçilərə borc vermək üçün müəssisələrin aldıqları bank krediti məbləğləri 402 "İşçilər üçün uzunmüddətli bank kreditləri" hesabının kreditinə, pul vəsaitlərini uçota alan hesabların debetinə yazılmaqla əks etdirilir. Bank kreditlərinin ödənilmiş məbləğləri 402 "İşçilər üçün uzunmüddətli bank kreditləri" hesabının debetinə, banka çatası məbləğlərin ödənildiyi hesabların (223 "Bank hesablaşma hesabları" və s.) kreditinə yazılır.

Kredit götürən işçilərdən alınan ödənişlər 173 "İşçi heyətinin uzunmüddətli debitor borcları" hesabının kreditində və, borcun ödənilməsi qaydasından asılı olaraq, 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və ya 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" hesabların debetində əks etdirilir.

402 "İşçilər üçün uzunmüddətli bank kreditləri" hesabının analitik uçotu kreditlərin növü, onları verən banklar və ayrı-ayrı kreditlər üzrə aparılır.

Misal. Müəssisədə çalışan bir qrup işçi elektronika malları satan mağazadan kreditə 24 000 manatlıq elektronika malları almışdır. Kredit müqaviləsinə əsasən müəssisə kredit məbləğini 6 aya ödəyəcəkdir, və işçilər aldıqları aylıq əmək haqqlarından bu kreditin məbləğini 2 il ərzində hissə-hissə müəssisəyə ödəyəcəklər

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Müəssisənin işçiləri tərəfindən elektronika malları kreditə alınmışdır 173 "İşçi heyyətinin uzunmüddətli debitor borcları" 402 "İşçilər üçün uzunmüddətli bank kreditləri" 24 000
2 Kreditə alınmış elektronika mallarına görə işçilərin aylıq əmək haqqlarından tutulma 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 1 000
3 Bank kreditinin müəssisə tərəfindən 6 aya ödənilməsi (1-ci ay) 402 "İşçilər üçün uzunmüddətli bank kreditləri" 223 "Bank hesablaşma hesabları" 4 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!