151 Asılı müəssisələrə investisiyalar

Hesablar planının 151-ci hesabı asılı müəssisələrə investisiyaların uçotu və hərəkəti barədə məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulur. İnvestisiyaların asılı müəssisələrə investisiyalara aid edilməsi və onların tərkibi 20 N-li "Asılı təsərrüfat cəmiyyətlərinə investisiyaların uçotu" Milli Mühasibat Uçotu Standartında öz əksini tapıb.

İştirak payı metodu investisiyanın əvvəlcə ilkin dəyəri ilə tanındığı və daha sonra investorun investisiya obyektinin xalis aktivlərindəki payında alışdan sonrakı dəyişikliklər üzrə düzəlişlərin edildiyi mühasibat uçotu metodudur. İnvestorun mənfəət və zərər haqqında hesabatında onun investisiya obyektinin mənfəət və ya zərərindəki payı əks etdirilir. İnvestorun investisiya obyektinin mənfəət və ya zərərindəki payı investorun mənfəət və ya zərərində tanınır.

Asılı təsərrüfat cəmiyyəti, ortaqlıq kimi səhmdar cəmiyyəti olmayan müəssisələr daxil olmaqla, investorun əhəmiyyətli təsirə malik olduğu, lakin onun nə törəmə, nə də birgə müəssisəsi olmayan müəssisədir.

Əhəmiyyətli təsir müəssisənin maliyyə və əməliyyat siyasəti ilə bağlı qərarların verilməsində iştirak etmək səlahiyyətidir, lakin həmin siyasət üzərində nəzarəti və ya birgə nəzarəti təmin etmir.

Əgər investor, birbaşa və ya dolayı olaraq (məsələn, törəmə müəssisələri vasitəsilə), investisiya obyektinin səsvermə hüququ verən səhmlərinin 20 və ya daha çox faizinə sahib olarsa, onun əhəmiyyətli təsirə malik olduğu hesab olunur. Lakin buna baxmayaraq, səhmlərin 20 və ya daha çox faizinə sahib olmaqla yanaşı əhəmiyyətli təsirə malik olmamaq mümkündür. Digər tərəfdən, əgər investor, birbaşa və ya dolayı olaraq (məsələn, törəmə müəssisələri vasitəsilə), investisiya obyektinin səsvermə hüququ verən səhmlərinin 20 faizindən az faizinə sahib olarsa, onun əhəmiyyətli təsirə malik olmadığı hesab olunur. Lakin buna baxmayaraq, səhmlərin 20 faizindən az faizinə sahib olmaqla yanaşı əhəmiyyətli təsirə malik olmaq mümkündür.

İnvestorun əhəmiyyətli təsirə malik olması adətən aşağıdakılardan birinin və ya bir neçəsinin mövcud olması ilə təsdiq olunur:

  • investisiya obyektinin direktorlar şurası və ya analoji idarəetmə orqanında nümayəndəlik;
  • siyasətin müəyyən olunması prosesində, o cümlədən dividend və ya digər bölüşdürmələr üzrə qərarların qəbul edilməsində iştirak etmək;
  • investor ilə investisiya obyekti arasında iri həcmli əməliyyatlar;
  • idarəetmə heyətinin qarşılıqlı mübadiləsi; və ya
  • vacib texniki məlumatların təqdim olunması.
Misal. 01.01.2017-ci il tarixində A şirkəti B şirkətinin adi səhmlərində 1 000 000 manat dəyərində 40% iştirak payını almışdır və həmin tarixdən B şirkətinin Direktorlar Şürasında nümayəndəliyini təmin etmək üçün A şirkəti öz səsvermə hüququndan istifadə etmişdir.

B şirkəti 2017-ci ilin hesabatlarında vergiqoymadan sonrakı mənfəətinin 400 000 manat olduğunu göstərmişdir. Bu məbləğdən 100 000 manat divident kimi payçılar arasında bölüşdürülmüşdür. A şirkətinə 40 000 manat divident verilmişdir.

İndi isə bu əməliyyatlara əsasən müxabirləşmələr edək

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 A şirkəti B şirkətinin 40% səhmlərini alır 151 "Asılı müəssisələrə investisiyalar" 223 "Bank hesablaşma hesabları" 1 000 000
2 A şirkəti 2017-ci ilin sonunda B şirkətinin mənfəətinin 40% öz hesabatlarında əks etdirir 400 000*40%=160 000 151 "Asılı müəssisələrə investisiyalar" 811 "Asılı və birgə müəssisələrin mənfəətlərində(zərərlərində) pay" 160 000
3 A şirkəti B şirkətindən divident alır 223 "Bank hesablaşma hesabları" 151 "Asılı müəssisələrə investisiyalar" 40 000
Beləliklə A müəssisəsinin balansında asılı müəssisələrə investisiyalar 2017-ci il üzrə aşağıdakı kimi əks olunacaq:

Asılı müəssisələrə investisiyalar
A müəssisəsinin payına düşən B müəssisəsinin mənfəəti
Verilmiş dividendlər
______________________________
Asılı müəssisələrə investisiyalar ilin sonunda

1 000 000
160 000
(40 000)
__________
1 120 000
Mənfəət və zərər haqqında hesabatda A şirkəti B şirkətinin mənfəətindən onun payına düşən 160 000 manatı mənfəət kimi göstəriləcəkdir.


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!